ABŞ Dövlət Departamenti İran silahlarından qorunmaq üçün Ukraynaya hərbi yardımı davam etdirmək niyyətini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, ABŞ-a BMT Təhlükəsizlik Şurasının iclasında İranın Rusiyaya kamikadze dronları təhvil verməsi məsələsini gündəmə gətirməkdə Böyük Britaniya və Fransa da dəstək verəcək.
Dövlət Departamenti də faktı təsdiqləyib:
“Rusiyanın bu PUA-ları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozaraq İrandan almasından ciddi narahatlığımızı ifadə etmişik".
Dövlət Departamenti xatırladıb ki, iyul ayında ABŞ İranın Ukraynaya qarşı müharibədə istifadə üçün PUA-ları Rusiyaya ötürmək planları barədə xəbərdarlıq etməyə başlayıb:
“Hazırda bu dronların Ukrayna vətəndaşlarına və mühüm mülki infrastruktura zərbələr endirmək üçün istifadə edildiyinə dair kifayət qədər sübutlarımız var. İran yalan danışmağa və Ukraynada istifadə üçün Rusiyaya silah verdiyini inkar etməyə davam etdiyinə görə, transferin qarşısını almaq üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla işləməyə sadiqik”.
ABŞ həmçinin Rusiyaya kamikadze pilotsuz uçan aparatlarının təhvil verilməsinə görə İranı sanksiyalarla hədələyib və İran silahlarından qorunmaq üçün Ukraynaya hərbi yardım göstərməkdə davam etmək niyyətini təsdiqləyib:
“Biz bu transferlərdə iştirak edən bütün şəxslərə qarşı sanksiyalarımızı və digər müvafiq alətlərimizi tətbiq etməkdən çəkinməyəcəyik. Biz həmçinin Ukraynaya görünməmiş təhlükəsizlik yardımı, o cümlədən hava hücumundan müdafiə imkanları verməyə davam edəcəyik ki, Ukrayna özünü bu silahlardan qoruya bilsin”.