Afinada Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis ilə görüşən Almaniya kansleri Olaf Şolz Yunanıstanın Türkiyə ilə bağlı siyasətinə dəstək verib.
Teleqraf.com xəbər verir ki, alman kansler Şolz Türkiyəni tənqid edib.
Türkiyənin Egey adaları ilə bağlı etirazlarını rədd etdiklərini bildirən Şolz deyib ki, NATO üzvü başqa bir ittifaq ölkəsinin suverenliyini şübhə altına almamalıdır: “Bu vəziyyət qəbuledilməzdir”.
Alman kansler iddia edib ki, Türkiyə hökumətinin rəsmiləri Yunanıstana “hərbi təhdidlər yönləndirib”. Şolz həm Türkiyəni, həm də Yunanıstanı beynəlxalq hüquq normalarına riayət edərək problemlərini dialoq yolu ilə həll etməyə çağırıb.
Türkiyə ilə Yunanıstan arasında son dövrdə Egey adalarının silahlanması başda olmaqla bir sıra mövzularda gərginlik sürətlə artmaqdadır. Avropa Birliyi ölkələri ilə danışıqlarda hər fürsətdə Türkiyədən şikayət edən Yunanıstan hökuməti Avropanın Türkiyəyə qarşı Afinanı dəstəklədiyini müdafiə edir.