Taxıl müqaviləsinin qorunub saxlanılması, Rusiyaya taxıl və gübrənin tədarükü üçün müəyyən təminatların verilməsinin lazım olduğunu bildirən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bunun Rusiyanın müharibə planını təsdiqləmək demək olmadığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Kalın Türkiyənin Ukraynanın ərazi bütövlüyünə sadiqliyini növbəti dəfə təkrarlayıb.
“Düşünürəm ki, şirkətlərə və digərlərinə bəzi təminatlar verilməlidir ki, təkcə Ukraynanın deyil, Rusiyanın da ixracatı beynəlxalq bazarlara çıxa bilsin”, - Türkiyə rəsmisi bildirib.
Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün səylərini davam etdirdiyini söyləyib:
“Prezidentimiz ötən ildən mütəmadi olaraq Putinlə görüşür və hər iki tərəfə gərginliyi mümkün qədər azaltmağı tövsiyə edir”.
Kalın bildirib ki, hazırda hərbi sahədə heç bir irəliləyiş yoxdur və hər iki tərəf döyüş meydanında qələbə qazana biləcəkmiş kimi görünmür.
Danışıqlar masasına qayıtmağın lazım olduğunu hər iki tərəfə çatdırıldığını vurğulayan Kalın bu müddət ərzində çox sayda can və torpaq itkisinin ola biləcəyini qeyd edib.