20 Noyabr 2022 22:39
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin Kosovo ilə son 10 ilin ən böyük gərginliyini yaşadığını bildirib.

Teleqraf.com xəbər verir ki, A.Vuçiç noyabrın 21-dən etibarən Kosovoya daxil olacaq Serbiya nömrə nişanlı avtomobillərə cərimənin tətbiqi ilə bağlı qərarın yenidən nəzərdən keçirilməsinin vacibliyini qeyd edib. Serbiya Prezidenti noyabrın 21-də Brüsseldə Kosovo tərəfi ilə görüş keçiriləcəyini də açıqlayıb. O, problemin təkcə avtomobil nömrə nişanları olmadığını vurğulayıb.

Xatırladaq ki, iyulun sonunda Kosovo hökuməti avqustun 1-dən etibarən Serbiya şəxsiyyət vəsiqəsinə sahib şəxslərin Kosovoya daxil olmaları və ölkədən çıxmaları üçün müvəqqəti bəyannamə blanklarının verilməsinə, həmçinin Serbiya tərəfindən Kosovodakı serblərə verilmiş avtomobil nömrə nişanlarının Kosovoya məxsus nömrələrlə dəyişdirilməsinə qərar verib. Kosovodakı serblər buna etiraz edərək ölkənin şimalındakı sərhəd-keçid məntəqələrini bağlayıb və iki ölkə arasında gərginlik yaşanıb. Kosovo hökuməti qaydaların tətbiqini sentyabrın 1-dək təxirə salmaq qərarına gəlib. Daha sonra Kosovo tərəfi avtomobil nömrə nişanlarının yenidən qeydiyyatı prosesinin 2023-cü ilin aprel ayınadək təxirə salındığını, lakin noyabrın 21-dən etibarən bu nəqliyyat vasitələrinin sahiblərinin cərimələnəcəyini bildirib.

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel rəsmi Belqrad və Priştinanın yeni böhranın astanasında olduğunu və iki ölkənin dialoqu davam etdirərək noyabrın 21-dən əvvəl həll yolu tapmasının vacibliyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər