Video əlavə olunub:
***
Böyük Britaniyanın Milli Statistika Ofisinin 2021-ci il üçün siyahıyaalınması İngiltərə və Uelsdə ilk dəfə olaraq əhalinin yarıdan azının özünü xristian kimi tanıdığını üzə çıxarıb.
Teleqraf.com xəbər verir ki, Britaniyanın Milli Statistika Ofisi (ONS) hər 10 ildən bir keçirdiyi siyahıyaalmada insanlardan dinlərinin nə olduğunu da soruşur.
Ofisin ötən ilki məlumatına görə, 2011-ci ildəki son siyahıyaalmada xristian olduğunu söyləyənlərin nisbəti 59.3 faiz olduğu halda, 2021-ci ildə bu rəqəm 46.2-yə düşüb. Digər tərəfdən, heç bir dinə mənsub olmadığını deyənlərin nisbəti 25.2 faizdən 37.2 faizə yüksəlib.
2011-ci ildə özünü müsəlman kimi tanıdanların nisbəti 4.9 faiz idisə, keçən il bu rəqəm 6.5-ə qədər artıb.
Hər 10 ailədən biri iki və ya daha çox müxtəlif etnik qrupdan olan şəxslərdən ibarətdir.
Siyahıyaalmada İngiltərə və Uels sakinlərinin 81.7 faizi etnik qrupları haqda ayrıca sual verildikdə özlərini “ağ” adlandırıblar. Digər tərəfdən, 10 il əvvəl özlərini bu şəkildə adlandıranların nisbəti 86 faiz olaraq qeyd edilib.
Bundan əlavə, ümumi əhalinin 74.4 faizi özünü həm “ağ”, həm də ingilis, uels, şotland və şimal irland kimi tanıdıb.
“Ağ”lardan sonra ikinci ən çox yayılmış etnik qrup asiyalı, ingilis əsilli asiyalı və ya uelsli əsilli asiyalıdır, onlar ümumi əhalinin 9.3 faizini təşkil edirlər, sayları 4.2 milyondan 5.5 milyona yüksəlib.
Məlumatlar İngiltərə və Uelsdəki hər 10 ailədən birinin iki və ya daha çox fərqli etnik qrupdan olan şəxslərdən ibarət olduğunu üzə çıxarıb.
Məlumatları şərh edən York arxiyepiskopu Stiven Kottrel İngiltərənin demək olar ki, avtomatik olaraq bir çox insanın xristian olaraq tanındığı dövrü geridə qoyduğunu söyləyib.
İngiltərə Milli Sekulyar Cəmiyyətinin rəhbəri Stiven Evans isə belə deyib: “Bu, rəsmidir. Biz artıq xristian ölkəsi deyilik”.