ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays müdafiə büdcəsinin yekun mətnindən F-16-ların Türkiyəyə satışını məhdudlaşdıran bəndlərin çıxarılması ilə bağlı diqqətçəkən açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Prays Türkiyənin ABŞ-ın önəmli müttəfiqi olduğunu deyib.
“Türkiyə NATO-nun mühüm müttəfiqi və təhlükəsizlik tərəfdaşıdır. Türkiyənin üzləşdiyi böyük təhlükələrlə mübarizə aparması üçün lazım olanı təmin etmək istəyirik. Heç bir NATO müttəfiqi türk müttəfiqlərimiz qədər öz torpaqlarında terror hücumlarına məruz qalmayıb. Ona görə də təhlükəsizlik sahəsində əməkdaşlığımız bizim üçün böyük əhəmiyyət kəsb edir”, - ABŞ rəsmisi vurğulayıb.
Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Co Baydenin bu məsələni müzakirə etdiklərini bildirən Prays daha aşağı səviyyələrdə də danışıqlar aparıldığını qeyd edib.
Jurnalist yunan və erməni lobbilərinə yaxınlığı ilə tanınan senator Bob Menendezin Türkiyəyə F-16 satışının qarşısını alacağını bildirdiyini soruşduqda Prays Türkiyənin mühüm NATO tərəfdaşı və alyansda ən çox təhlükə ilə üzləşən ölkə olduğunu deyib:
“Türkiyənin NATO-nun mühüm müttəfiqi rolunu davam etdirməsi üçün lazım olan müdafiə imkanlarına malik olmasını təmin etməyə çalışırıq”.