Türkiyə Yenilik Partiyasının sədri Öztürk Yılmaz təşkilatın qərargahında bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, 26 və 27-ci çağırış Ərdahan millət vəkili Öztürk Yılmaz dünən günorta saatlarında partiyanın Çankaya rayonundakı qərargahına görüş üçün gələn təcavüzkarın hücumuna məruz qalıb.
Partiya sədrini bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Öztürk Yılmaz təcili yardımla xəstəxanaya çatdırılıb.
Xəstəxanada hadisəni izah edən Öztürk Yılmaz bildirib ki, bir nəfər gəlib İstanbulda yaşadığını və onu dəstəklədiyini deyib: “Beş dəqiqə danışdıq. Kofe təklif etmək istədim, dedi, çox məmnun olaram. Dönəndə bıçağı çəkdi, əvvəlcə boğazıma vurmağa çalışdı. Arxadan 4 zərbə endirib qaçdı.
Mən heç kimdən qorxmuram. Anladığım qədəri ilə ona cavab verməyə çalışırlar”.
Axşam saatlarında polis partiya sədrini bıçaqlayan şəxs Bolu avtovağzalında yaxalanıb. Hücum edən şəxs Ankaraya aparılıb.