Daşqınlardan zərər çəkmiş Pakistan üçün başlanan 816 milyon dollarlıq fövqəladə yardım fondunun məbləği 262 milyon dollara çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Pakistan rezident əlaqələndiricisi Julien Harneis açıqlama verib.
O bildirib ki, qarşıdakı həftələrdə yağışlardan zərər çəkmiş insanların ərzaq təhlükəsizliyinin təmin edilməsi onların ən böyük qayğısıdır: “BMT Pakistan üçün 816 milyon dollarlıq fövqəladə fond üçün müraciət edib, lakin hələ 262 milyon dollar toplanıb ki, bu da kifayət etmir. Bu vəziyyət narahatlıq doğurur. Lazımi dəstəyi almadığımız təqdirdə 2023-cü ilə ciddi böhranla girəcəyik”.
Harneis qida yardımına ehtiyacı olan sel qurbanlarının sayının 4 milyondan 5,1 milyona yüksəldiyini də qeyd edib: “Daşqınlar səbəbiylə 8-9 milyon insanın yoxsulluq həddinin altına düşüb”.
Qeyd edək ki, BMT və Pakistan avqustun 30-da musson yağışları səbəbiylə ölkədən didərgin düşmüş təxminən 500 min insan üçün 160 milyon dollarlıq fövqəladə yardım üçün müraciət edəcəklərini açıqlayıb. Sözügedən fond oktyabrın 5-də 816 milyon dollara qaldırılıb.
Pakistanda daşqınlar nəticəsində 1740-a yaxın insan həyatını itirib.