27 Dekabr 2022 16:50
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın gələn il ərzində rəsmi olaraq alyansa üzv olacağını gözlədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, NATO rəhbəri təsdiq prosesinin müsbət olacağına tam əmin olduğunu, amma dəqiq bir tarix verə bilməyəcəyini deyib.

Stoltenberq müstəsna hallarda Türkiyə kimi ölkələrin səsvermə hüququnun dayandırılmasının məqsədəuyğun olub-olmaması ilə bağlı suala belə cavab verib:

“NATO-nun təsis müqaviləsi bu gün qəbul edilsəydi, bunun nəticəsi nə olardı?” kimi spekulyasiyalara girməyin mənası yoxdur”.

Demokratiya və qanunun aliliyi kimi mövzularda müttəfiqlər arasında fikir ayrılıqlarının olduğunu bildirən Stoltenberq NATO-nun hələ də müttəfiqlərin narahatlıqları ilə bağlı fikir mübadiləsi apara biləcəkləri mühüm platforma olduğunu vurğulayıb.

Rusiyanın Ukraynaya hücumundan sonra İsveç və Finlandiya NATO-ya üzvlük üçün müraciət edib. İsveç və Finlandiyanın alyansa daxil olması üçün 30 üzv dövlətin parlamentinin təsdiqi tələb olunur. Bu iki ölkənin PKK başda olmaqla terror təşkilatlarını dəstəklədikləri səbəbiylə üzvlüyünə qarşı çıxan Türkiyə iyunda əldə edilən üçtərəfli razılaşmadan sonra Finlandiya və İsveçin üzvlüyünə “yaşıl işıq” yandırıb. Amma Türkiyə hələ də iki ölkənin üzvlüyünü təsdiqləməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər