Kahramanmaraş başda olmaqla, on bölgədə baş verən 7,7 bal gücündə zəlzələ zamanı həyatını itirənlərin dəfninə başlanılıb.
Teleqraf.com xəbər verir ki, zəlzələdən ciddi ziyan çəkən Hatayın Antakya rayonunda "Zəlzələ qəbiristanlığı" yaradılıb.
Qeyd edək ki, Pazarcık və Elbistanda baş verən 2 zəlzələ nəticəsində Hatayda minlərlə insan həyatını itirib.
Artıq Antakya rayonunda dəfn prosedurlarına başlanılıb. Dəfn üçün cəsədlərin yuyulması və digər işlər üçün sahələr yaradılıb.
Xəstəxanada yarılma əməliyyatı tamamlanan cənazələr nəqliyyat vasitələri ilə "Zəlzələ qəbiristanlığı" ərazisinə gətirilir və dini ənənələr yerinə yetirilərək dəfn edilir. Dəfn prosedurlarında hər cənazə üçün dua oxunur və namaz qılınır. Sonra Dənizli rəhbərliyi tərəfindən təyin edilən din xadimlərinin müşayiəti ilə dəfn edilir.
Dəfn prosesini sürətləndirmək və qarışıqlığa yol verməmək üçün məzar daşları ad əvəzinə nömrələnir.
Eyni zamanda cəsədlər müxtəlif şəhərlərdə dəfn etmək istəyənlərə çatdırılır.