11 Fevral 2023 21:12
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər Türkiyədə seçkilərin təxirə salınması qaçılmaz olacaqsa, Ərdoğan hökuməti üçün ən yaxşı variant seçkilərin gələn ilə - 2024-cü ilə keçirilməsidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.

Ekspert Türkiyənin ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:

“Türkiyədə mayın 14-nə planlaşdırılan prezident seçkilərinin təxirə salınması çağırışları və təşəbbüsləri getdikcə artır. Hətta nüfuzlu “Röyter” agentliyi belə, Türkiyə hökumətinin buna hazırlaşdığını yazıb.

Əgər seçkilərin təxirə salınması qaçılmaz olacaqsa, Ərdoğan hökuməti üçün ən yaxşı variant seçkilərin gələn ilə - 2024-cü ilə keçirilməsidir. Çünki 2024-cü ildə həm Rusiyada, həm ABŞ-da, həm də Rusiya və ABŞ-dakı seçkilərin taleyini müəyyənləşdirəcək Ukraynada prezident seçkiləri olmalıdır. Bu isə o deməkdir ki, qarşıdakı seçkilərdən yararlanaraq Türkiyəni qarışdırmağa və öz cinahına çəkməyə çalışan güclərin əsas diqqəti öz daxillərinə yönələcək.

Əgər Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkəyə bir müharibədən daha çox ziyan vurmuş zəlzələni əsas götürərək seçkiləri iyuna deyil, bir il sonraya ertələyərsə, bu, Ərdoğana da zəlzələnin vurduğu ziyanı aradan qaldırmaq və faciədən yararlanaraq onu yıxmağa çalışan rəqiblərini seytnota salmaq üçün kifayət qədər geniş zaman qazandırmış olacaq”.

Elxan Şükürlü hesab edir ki, əks halda, arxasında xarici güclərin durduğu müxalifət zəlzələnin vurduğu zərəri bütövlükdə Ərdoğan komandasının ayağına yazmaqla ictimai etirazları körükləyəcək, onun hakimiyyətdən getməsi üçün hər şeyə əl atacaq:

“Bu isə Türkiyəni, eləcə də onun rəhbərliyi ilə qurulan Türk Dövlətləri Təşkilatında birləşmiş ölkələri uzun illər geriyə atacaq, türk-müsəlman coğrafiyasını yeni geosiyasi toqquşma meydanına çevirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər