İran 2022-ci ilin son aylarında Rusiyaya çoxistifadəli pilotsuz uçan aparatlar (PUA) verib.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “The Guardian” qəzeti rəsmi mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, Moskva ilə Tehran arasında sövdələşmə ötən ilin noyabrında razılaşdırılıb. Bu razılaşma əsasında İran Rusiyaya 6 ədəd “Mühacir-6”, həmçinin 12 ədəd “Şahid-191” və “Şahid-129” PUA tədarük edib. İranın əvvəllər Rusiyaya tədarük etdiyi kamikadze dronlarından fərqli olaraq, bu PUA-lar çoxistifadəlidir.
Qəzet qeyd edir ki, Rusiya daha müasir pilotsuz təyyarələrin tədarükündə maraqlıdır. Rusiya bu məqsədlə İranın verdiyi dronları moderniziyasiya edib və “Şahid” tipli PUA-ların adlarını “Geran-1” və “Geran-2” olaraq dəyişdirib.
“The Guardian” onu da bildirir ki, Rusiyaya verilən PUA-lar yanvarın sonunda hava hücumuna məruz qalan İsfahan şəhərindəki həmin zavodda istehsal edilib. Nəşrin fikrincə, bu, gələcəkdə Rusiyaya dronların tədarükünü sual altına qoyur, çünki zərbə nəticəsində zavod ciddi zədələnib.
İran Rusiyaya PUA tədarük etdiyini inkar etsə də, Ukrayna bununla bağlı faktları müvafiq beynəlxalq qurumlara təqdim edib. Rəsmi Kiyev bu səbəbdən Tehranla əlaqələrin hər an dayandırıla biləcəyini açıqlayıb.