Rusiya İrandan tədarük etdiyi pilotsuz uçan aparatları (PUA) tükəndirib. Ona görə də yaranmış boşluğu doldurmağın yollarını axtaracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında bildirilir.
Fevralın 15-dən indiyədək Ukraynada İrana məxsus kamikadze PUA-larının istifadəsi ilə bağlı heç bir məlumat yoxdur.
Ukrayna silahlı qüvvələri yanvarın sonundan fevralın əvvəlinə qədər ən azı 24 “Şahid-136” PUA-sının vurulduğunu açıqlamışdı. İlin ilk günlərində onlarla İran dronu məhv edilib.
“Bu silahlar hədəflərin məhv edilməsində yaxşı nəticələr göstərməsə də, yəqin ki, Rusiya bunları Ukraynanın hava hücumundan müdafiəsini daha təsiredici qanadlı raketlərindən yayındıra bilən faydalı hiylə kimi görür”, - Britaniya kəşfiyyatı qeyd edir.
İran Ukraynanın mühüm mülki infrastrukturuna hücumlar üçün Moskvanı kamikadze dronlarla təmin etməklə Rusiyanın işğalçı müharibəsini dəstəkləyir.
Britaniya Rusiyanı yüzlərlə PUA müqabilində İrana qabaqcıl hərbi vasitələr verməyi planlaşdırmaqda ittiham edir.
Bundan əvvəl ABŞ-ın NBC telekanalı Rusiyanın İrana görünməmiş səviyyədə hərbi-texniki dəstək verdiyini bildirmişdi. Məlumatda qeyd olunmuşdu ki, genişləndirilmiş tərəfdaşlıq çərçivəsində Rusiya İranı müasir hərbi texnika və vasitələr, o cümlədən helikopterlər, “Su-35” qırıcıları və hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər.