Ermənistan-Türkiyə münasibətlərində yeni gəlişmələr yaşanır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşr Ermənistan baş nazirinin bir neçə gün əvvəl Türkiyə prezidentini doğum günü münasibətilə təbrik etdiyini iddia edir:
“Ermənistan-Türkiyə münasibətlərində müxtəlif dəyişikliklər baş verir. Türkiyədə baş verən şiddətli zəlzələdən sonra rəsmi başsağlığı verildi, humanitar yardım göndərildi, xarici işlər naziri səfər etdi (Türkiyəyə), bütün bunlar göstərir ki, münasibətlər getdikcə yeni xüsusiyyətlər qazanır.
Xarici İşlər Nazirliyindəki mənbəmiz xəbər verir ki, Nikol Paşinyan bazar günü (fevralın 26-da) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı doğum günü münasibətilə təbrik edib.
Bu, adi protokolla deyil, vasitəçiliklə baş verib, təbriki Ruben Rubinyan-Serdar Kılıç xətti vasitəsi ilə çatdırıb.
Yeri gəlmişkən, bizdə olan məlumata görə, bir neçə gün əvvəl Xarici İşlər və İqtisadiyyat nazirlikləri tərəfindən Ermənistan-Türkiyə sərhədinin açılması risklərinin qiymətləndirilməsi məsələləri ilə məşğul olacaq komissiya yaradılıb”.