İYİ partiyanın sədri Maral Akşənərin Türkiyə müxalifətinin “Altılıq Masası” blokundan ayrılması və bundan sonrakı proseslər dünya mediası tərəfindən də yaxından izlənilir.
Teleqraf.com xəbər verir ki, Yunanıstanın “Protothema” qəzeti Akşənərsiz bir araya gələcək “Masa”nın Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu Millət İttifaqının namizədi olaraq açıqlayacağını iddia edib.
“Maral Akşənərin qəfil gedişi “Masa”nı silkələdi. Bu, “Altılıq Masası”nın çat verməsinə səbəb oldu. Bununla belə, qalan beş müxalifət liderinin bu gün vahid namizədini elan edəcəyi gözlənilir. Bu namizəd qarşıdan gələn prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanla qarşılaşacaq. Ərdoğanla qarşılaşacaq şəxsin Kılıçdaroğlu olacağı görünür”, - nəşr yazır.
Qəzet qeyd edir ki, Kılıçdaroğlu öz partiyasına nəzarəti ələ keçirsə də, seçicilərin qarşısında özünü göstərə bilmir.
Mənbə son gəlişmələrin müxalifətdə şok yaratdığını, hətta bloka daxil olan partiyaların üzvlərinin artıq məğlubiyyətdən danışmağa başladıqlarını bildirib.
Sorğularda İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Kılıçdaroğlunu qabaqladığını yazan qəzet İmamoğlunun həbs cəzası səbəbiylə yarışdan çəkilməsinin CHP liderinin yolunu açdığını vurğulayıb.
Məqalədə Akşənərin İmamoğlu ilə yanaşı, Ankara bələdiyyəsinin sədri Mansur Yavaşı da dəstəklədiyinə diqqət çəkib:
“Akşənər onun xatirinə hər şeyi bir kənara qoyan, hətta 15 mandat verməklə parlamentə girməsinə kömək edən keçmiş müttəfiqi Kılıçdaroğluna arxa çevirdi. Bu səbəbdən çoxları onun əsl niyyətini şübhə altına alır. Görünən odur ki, Türkiyə müxalifəti Rəcəb Tayyib Ərdoğanı asanlıqla taxtdan sala bilməyəcək”.