Gürcüstanda kütləvi mitinqlərdən sonra “Xarici agentlər haqqında” qanunun taleyi həll olunub. Parlament bunu ikinci oxunuşda rədd edib. Deputatların əksəriyyəti onun əleyhinə səs verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
İkinci oxunuşda qanun layihəsini yalnız bir deputat dəstəkləyib, 35-i isə əleyhinə çıxıb. Beləliklə, qanun rədd edilib.
İclasa qatılan müxalifətçi deputatlar Avropa İttifaqı və Gürcüstanın bayraqlarını açıblar.
Martın 7-də hakim “Gürcü Arzusu” partiyasının parlament fraksiyası kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının bir hissəsini “xarici agentlər” elan edən qanun layihəsi irəli sürüb. Bənzər qanun Rusiyada da tətbiq olunur.
Bunun fonunda ölkədə kütləvi etirazlar başlayıb. Minlərlə insan Tiflis küçələrinə çıxıb, müxalifət deputatları mitinqləri dəstəkləyib. Etirazçıları dağıtmaq üçün təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Etirazçılar hakimiyyətə ultimatum veriblər. Onlar “Rusiya qanunu”nun qəbulunu ləğv etməyi və etiraz aksiyasında saxlanılan bütün insanların azadlığa buraxılmasını tələb ediblər.
Dünən “Gürcü Arzusu” qalmaqallı qanun layihəsini geri götürdüyünü açıqlayıb. Amma etirazlar bundan sonra da davam edib.
Etirazçılar əvvəlcə məhbusların buraxılmasını tələb ediblər. Buna cavab olaraq Gürcüstanın təhlükəsizlik orqanları martın 7-8-də keçirilən etiraz aksiyaları zamanı həbs edilən 132 nəfəri azad etdiklərini açıqlayıb. Bundan sonra müxalifət deputatları rusiyayönlü hökumətin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər. Mətbuatın yazdığına görə, etirazçıları bu tələbləri alqışlarla dəstəkləyiblər.
Rusiya hakimiyyətinin təbliğatçısı, media holdinq rəhbəri Marqarita Simonyan etirazlar fonunda Gürcüstanı raket zərbəsi ilə hədələyib.
Etirazların davam etdiyi bildirilir.