16 Mart 2023 20:27
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun qalmaqallı pensiya islahatının qəbul edilməyəcəyi təqdirdə parlamenti buraxacağı iddia edilir.

Teleqraf.com xəbər verir ki, Makron dünən axşam Yelisey sarayında kabinetini bir araya toplayıb, bu gün səhər isə parlamentdəki hakim fraksiyanın nümayəndələri ilə görüşüb.

Makron islahatın keçməsi üçün hakim qanaddan qətiyyətli mövqe tutmasını istəyib.

Yelisey sarayının mənbələri deyirlər ki, pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahatla bağlı qanun layihəsi parlamentdə qəbul olunmasa, Makron Milli Məclisi buraxmağa qərar verəcək.

Fransa mətbuatı parlamentin buraxılacağı təqdirdə ölkənin siyasi xaosa sürüklənəcəyini yazır. Digər tərəfdən, Makronun hökumətin konstitusiyadakı imtiyazını əsas götürərək layihənin səsvermə olmadan parlamentdən keçmə variantını nəzərdən keçirə biləcəyi deyilir. Belə olan halda səsvermədən kənarda qalan müxalifət qanadının Makronun komandasını iqtidardan uzaqlaşdırmaq üçün etimadsızlıq səsverməsi irəli sürməsi ehtimalı var.

Fransa Baş naziri Elizabet Börn yanvarın 10-da Makronun seçki vədləri arasında yer alan pensiya islahatının həyata keçiriləcəyini açıqlayıb. Bundan sonra - yanvarın 19-dan bəri ölkə daxilində mübahisəli islahat əleyhinə çoxsaylı tətillər və etirazlar keçirilir. Bu həftənin əvvəlində isə paytaxt Paris də daxil olmaqla, bir sıra iri şəhələrdə kütləvi tətillər başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər