Keçən il dünya əhalisinin sayı 8 milyard həddini keçib. Amma iqtisadi inkişaf, təhsil və tibbi xidmətlərə çıxış imkanlarının genişlənməsi doğum səviyyəsinin azalmasına səbəb olur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News”un yeni araşdırmasında deyilir.
Tədqiqatçılara görə, əgər dünya indi olduğu istiqamətdə hərəkət edərsə, planetin əhalisi 7 milyarda qədər azala bilər.
Mütəxəssislərin fikrincə, ifrat yoxsulluq aradan qaldırılarsa və uğurlu iqtisadi inkişaf siyasəti qəbul olunarsa, Yer kürəsinin əhalisi 2040-cı ildə pik həddə - 8.5 milyarda çata, sonra isə 2100-cü ilə qədər ciddi şəkildə azala bilər.
Mövcud iqtisadi tendensiyalara görə, əhalinin sayı 2100-cü ildə 7 milyarda enməzdən əvvəl 2050-ci ildə 8.6 milyarda çatacaq.
Təhsil və səhiyyəyə böyük investisiyalar, ərzaq və enerji təhlükəsizliyi, qeyri-bərabərlik və gender bərabərliyi ilə bağlı qeyri-adi siyasət dəyişiklikləri olarsa, əsrin sonuna qədər əhalinin sayı 6 milyarda düşə bilər. Bu ssenari “Nəhəng Sıçrayış” adlanır.
“Məlumdur ki, aşağı gəlirli ölkələrdə sürətli iqtisadi inkişafın doğum səviyyəsinə böyük təsiri var. Qızlar təhsilə çıxış əldə etdikcə və qadınlar iqtisadi imkanlarını genişləndirdikcə və daha yaxşı səhiyyə xidmətlərinə çıxış əldə etdikcə, doğuş nisbətləri aşağı düşür”, - norveçli tədqiqatçı Per Espen Stoknes deyib.
2022-ci ildə dünya əhalisinin ümumi sayı 8 milyard nəfərə çatıb. Planetin əhalisinin 50.5 faizi kişi, 49.5 faizi isə qadınlardan ibarətdir. Dünya üzrə insanların üçdə birindən çoxu Hindistan və Çində yaşayır.
BMT-nin proqnozlarına görə, əhalinin sayının 2050-ci ildə 9.7 milyarda, 2080-ci illərdə isə 10.4 milyarda çatacağı gözlənilir.