30 Aprel 2023 13:47
6 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hücumu davam etdirən Rusiya qüvvələri Baxmutda müəyyən uğur əldə ediblər. Geolokasiya görüntüləri rusların şəhərin cənub-qərb və şimal-qərb ərazilərində irəlilədiklərini göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Məlumata görə, Rusiya qoşunları Baxmutun mərkəzindəki tibb texnikumunu və şəhərin cənub hissəsindəki Sənaye Kollecini ələ keçiriblər.

Ruslar Xromovodan keçən yolun yaxınlığında, həmçinin Orixovo-Vasilivka, Boqdanivka və İvanivsk yaxınlığında quru əməliyyatları keçiriblər.

Ruslar Avdiv-Donetsk xətti boyunca da qurudan zərbələr endiriblər. Bununla belə, amerikalı analitiklərin fikrincə, Rusiya qüvvələri Marin istiqamətində döyüşməkdən getdikcə daha çox bu səbəblərdən imtina edirlər: ciddi canlı qüvvə itkiləri, sursatların vaxtında çatdırılmaması, fərdi mühafizə vasitələrinin olmaması, hazır plan olmadan hücum əməliyyatlarının aparılması əmrləri, ən əsası ağır texnika və artilleriya dəstəyinin olmaması.

Hazırda ən şiddətli döyüşlər Baxmut şəhəri uğrunda gedir. Ruslar şəhəri tutmaq cəhdlərindən əl çəkmirlər, bütün qüvvələrini bura yönəldiblər. Amma son vaxtlar Rusiya qüvvələrin zəiflədiyi barədə getdikcə daha çox məlumat ortaya çıxır.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Baxmutu tərk etməmək, qarşıdurmanı davam etdirmək əmri verib.

“Vaqner” qrupunun lideri Yevgeni Priqojin gözlənilmədən muzdlularının Baxmutda problemlərinin olduğunu açıqlayıb. Priqojin şəhərdəki durumu şərh edərkən deyib ki, Baxmutda muzdluların ərazi uğurları minimal, itkilər isə böyükdür.

“Biz cəmi 100-150 metr irəliləmişik. Şəhərin 298 kvadratkilometr ərazisi düşməndə (Ukraynada) qalır”, - o bildirib.

“Vaqner”in mərmi qıtlığı səbəbindən problemlə üzləşdiyi deyilir. Sonuncu dəfə hücum zamanı yaraqlılar 100 metr ərazini ələ keçirsələr də, Ukrayna ordusu onlardan 94 nəfərini məhv edib.

Priqojin itkilərə görə muzdlularını silahla təmin etməyən Rusiya hərbi komandanlığını günahlandırır: “Əgər kifayət qədər mərmi olsaydı, itki beş dəfə az olacaqdı”.

Dünən isə Yevgeni Priqojin qəfil etiraf edib ki, “Vaqner” tezliklə fəaliyyətini dayandıracaq: “O yerə gəlib çatmışıq ki, “Vaqner” bitmək üzrədir. “Vaqner” qısa müddətdə fəaliyyətini dayandıracaq. Biz tarixə düşəcəyik, eybi yoxdur, belə də olur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər