3 May 2023 13:55
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Çin və ABŞ-ın Mərkəzi Asiyada rəqabəti genişlənib. Bir müddət əvvəl Çinin Sian şəhərində Mərkəzi Asiya ölkələri və Çin xarici işlər nazirlərinin dördüncü görüşü keçirilib. Xarici işlər nazirləri bu ay liderlərin görüşünü hazırlamaq məqsədilə bir araya gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Təhlildə qeyd olunur ki, “Mərkəzi Asiya – Çin” dövlət başçılarının birinci sammitində əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunacaq:

“Çin və Mərkəzi Asiya dövlətləri ikitərəfli əməkdaşlığı genişləndirmək istəyirlər. Bundan başqa, bu ölkələrin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq və “Bir kəmər, Bir yol” təşəbbüsünün reallaşmasıyla baglı fikir mübadiləsi aparacaqlar.

Çin tələsir. Pekin Mərkəzi Asiya uğrunda mübarizədə iki rəqibi – Rusiya və ABŞ-ı qabaqlamağa çalışır. Rusiya Ukraynada apardığı işğalçı müharibə fonunda Mərkəzi Asiya istiqamətində tam gücüylə fəaliyyət göstərə bilmir. Bu, Çinin maraqlarına cavab verir. Boşluğu Çinlə yanaşı, ABŞ və Avropa İttifaqı doldurmağa çalışır. Pekin Vaşinqtonla Brüsselin uyğurlara verdiyi dəstəkdən də narahatdır.

Çin Mərkəzi Asiya ölkələrini “Bir kəmər, Bir yol” layihəsinə cəlb etməklə özünə yaxın tutmaq istəyir. Ancaq buna mane olan amillər var. Birincisi, ilk mərhələdə layihənin reallaşmasına pandemiya mane oldu. İkincisi, Rusiyanın Ukraynada başladığı müharibə də, buna zərər vurdu. Çünki Çindən Avropaya məhsullar dəmir yolları ilə Mərkəzi Asiya və Rusiya üzərindən daşınmalı idi. Avropa İttifaqı Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyinə görə məhsulların bu istiqamət üzərindən çatdırılması çətinləşib.

Buna baxmayaraq, Pekin əvvəlkitək Mərkəzi Asiyanı diqqət mərkəzində saxlamaq istəyir. Mərkəzi Asiyanın zənginlikləri Çin üçün vacibdir. Çinin bölgə ölkələrinə milyardlarla dollar investisiyaları var. Çinin bu ölkələrə investisiyaları bu ilin başlanğıcı üçün 15 milyard dolara çatıb”.

Mərkəzin ekspertləri deyirlər ki, Çinin Mərkəzi Asiya ölkələri ilə 2022-ci ildə ticarət mübadiləsi 70 milyard dolları keçib:

“Pekin ehtiyat edir ki, Mərkəzi Asiya qarışsa, Çinin investisiyaları təhlükə altında olacaq. Pekin bu baxımdan ABŞ-la yanaşı. radikal islamçı qüvvələrin fəallaşmasından çəkinir. Bu qüvvələrin Mərkəzi Asiyada fəallaşması ehtimalı Çinə ciddi təhlükə yaradacaq. Çinin Əfqanıstanın Taliban rejimi ilə əməkdaşlığının məqsədlərindən biri də Əfqanıstan ərazisindən Mərkəzi Asiyaya islamçıların keçidinin qarşısının alınmasıdır.

Bu arada, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçirilib. Rusiya müdafiə naziri Sergey Şoyqu ABŞ və digər Qərb ölkələrinin Mərkəzi Asiya üçün təhlükə mənbəyi olduğunu vurğulayıb. Şoyqu region ölkələrinə ABŞ-a qarşı müqavimətin vacibliyini bildirib. Bu, Rusiyanın Mərkəzi Asiya ölkələrinin daxili işlərinə qarışmasıdır.

Kreml Mərkəzi Asiya ölkələrinin xarici və təhlükəsizlik siyasətini müəyyənləşdirmək istəyir. Rusiya Qırğızıstan və Tacikistanda hərbi bazalarını gücləndirmək qərarını verib. Moskva da Pekin kimi ABŞ-ın Çinə artan marağından narahatdır. ABŞ-ın nüfuzlu “The Wall Street Journal”ına görə, ABŞ Mərkəzi Asiyada hərbi qüvvələrini yerləşdirmək üçün məkan axtarır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər