“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özündən sonra da fəaliyyətini davam etdirəcək dərin dövlət mexanizmi formalaşdırmağa nail olub”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
“Əlbəttə, siyasətdə fərdlər önəmlidir, amma bu şəxslərin təmsil etdiyi elit qruplar daha çox əhəmiyyət kəsb edir. Ərdoğanın arxasında kifayət qədər güclü bir qrup var ki, hansısa problem yaranacağı təqdirdə hakimiyyəti təhvil verməyə yox, öz sıralarından başqa bir şəxsi hakimiyyətə gətirməyə çalışacaqları göz önündədir. Məsələn, beynəlxalq mediada Ərdoğan yenidən seçilsə, amma səhhətində yaranan problemləri nəzərə alaraq hakimiyyəti öz qrupunu təmsil edən birinə təhvil verəcəyi ilə bağlı fikir səslənib. Həmin şəxs Ərdoğanın bir neçə onilliklər ərzində qurduğu siyasəti, kursu həyata keçirməyə davam edəcək. Düzünü deməliyik ki, müasir Türkiyənin qurulmasında və inkişafında Ərdoğan kifayət qədər böyük və həlledici rol oynamış şəxsdir. Ərdoğan özündən sonra da fəaliyyətini davam etdirəcək dərin dövlətin belə mexanizmlərini formalaşdırmağa nail olub”, - ekspert bildirib.