“Vaxtilə (1978-ci ildə) Kemp Deviddə İsrail və Misiri barışdıran ABŞ Ermənistanla Azərbaycanı yaxınlaşdırmaq üçün oxşar taktikadan istifadə edir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, Erməni Milli Konqresi Partiyası sədrinin müavini Levon Zurabyan deyib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 4 günlük Vaşinqton müzakirələrinə toxunan siyasətçi xatırladıb ki, İsraillə Misir barışarkən Kemp Deviddə də oxşar şey edilib. Zurabyan 2001-ci ildə Azərbaycan və Ermənistanın o vaxtkı prezidentləri Heydər Əliyev və Robert Köçəryan arasında ABŞ-ın Ki-Uest şəhərində günlərlə davam edən danışıqlarını da xatırladıb.
Siyasətçi bildirib ki, bu gün Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üçün iki təşəbbüskar var - Rusiya və Qərb:
“Həmin vasitəçilər bir-birilə rəqabət aparırlar, ona görə də bir-birlərinin işlərinə müdaxilə edirlər. Bu səbəbdən tez bir zamanda həll gözləmək çətindir. Amma həll tapılmasa, fəlakətli hadisələr baş verə bilər”.
Dialoq masasındakı mövzulara toxunan Zurabyan vurğulayıb ki, artıq Qarabağla bağlı “status” müzakirə mövzusu deyil. Onun sözlərinə görə, əvvəllər bunun həyata keçməsi üçün zəmin olsa da, indi reallıq dəyişib və bu məsələ gündəmdən çıxarılıb.
“Artıq heç kim “Qarabağın statusu”ndan danışmır. Ermənistan Respublikasının başçısı (Nikol Paşinyan) da bundan danışmır, ən yaxşı halda təhlükəsizlik və hüquqların təmin edilməsindən danışır”, - siyasətçi əlavə edib.