15 May 2023 12:28
2 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 9-da saxlanılan Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarlarının davam edən etirazları hökuməti narahat edir.

Teleqraf.com xəbər verir ki, Pakistan hökumətinin İmran Xanın partiyasını bağlamaq və ona siyasi qadağa qoymağa hazırlaşması barədə iddia var.

Pakistan daxili işlər naziri Rana Sanaullah ötən həftə Xanın saxlanılması ilə başlayan etirazlardan sonra Ədalət Hərəkatı Partiyasını (PTI) qadağan etməkdən başqa çarə olmadığını deyib. Bundan sonra başlayan şiddətli etirazlara toxunan Sanaullah PTI-nin bağlanmasının ölkənin gələcəyi üçün düzgün qərar olacağını iddia edib.

Sanaullahın sözlərinə görə, PTI mövqeyini dəyişməsə, Pakistan Demokratik Hərəkatı Koalisiyası bu partiyanı qadağan etmək üçün kəskin tədbirlər görməyə məcbur olacaq.

“PTI lideri Xanın yeganə məqsədi ölkədə xaos və anarxiya yaymaqdır”, - nazir söyləyib.

Sanaullah bununla bağlı hökumət daxilində ona böyük dəstək verildiyini iddia edib.

PTI tərəfdarlarının dövlət əmlakına və hərbi qurumlara ziyan vurduğunu deyən nazir bu şəxslərin terror qanunlarına görə məsuliyyətə cəlb ediləcəyini və cəzalandırılacağını bildirib.

Nazir Pakistan Konstitusiya Məhkəməsi və Ali Məhkəməni bir neçə işdə PTI rəhbərinə fövqəladə rahatlıq təmin etdiyinə görə tənqid edərək, hüququn Xan üçün işləmədiyini vurğulayıb.

Sanaullahın qadağa tələbini bir çox rəsmilər, o cümlədən ekologiya naziri Şerri Rəhman və müdafiə naziri Xvaca Asif dəstəkləyib.

Xarici işlər naziri Bilaval Bhutto-Zərdari isə partiyaların bağlanmasının tərəfdarı olmadığını açıqlayıb.

İmran Xan ötən həftə saxlanıldıqdan bir neçə saat sonra buraxılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər