Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabinet üzvlərini açıqladı. Hakan Fidan Xarici İşlər Naziri təyin edildi. O, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri postundan Türkiyə diplomatiyasının başına gətirilən ilk isim oldu.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın “Forbes” qəzeti Hakan Fidanla bağlı geniş təhlil dərc edib.
Fidanın kəşfiyyat portfelinin beynəlxalq əlaqələrdə iştirakına təsir etdiyi bildirilən təhlildə onun rəhbərlik edəcəyi qurumun ABŞ-dan Avropa Birliyinə, Rusiyadan Yaxın Şərqə qədər geniş təsir dairəsinə malik olacağı bildirilib.
Zəkasına və strateji bacarığına toxunulan məqalədə MİT-in keçmiş rəhbəri ilə bağlı “Doktor Fidan” ifadəsi işlədilib. Müəllif Güney Yıldız bir çox nazir, siyasətçi və dövlət başçısı ilə görüşdüyünü və bu insanların bir çoxunun birbaşa Hakan Fidanla işlədiyini yazıb.
“Bu söhbətlərdə Türkiyənin qlobal addımlarına rəhbərlik edən MİT-in görünməz əlinin əhəmiyyəti hər zaman vurğulanıb. Söhbət etdiyim hər kəs Fidanın zəkasını və strateji bacarığını bilir, bəziləri hətta ona “Doktor Fidan” deyir. Geniş beynəlxalq əlaqələri ilə Fidan qlobal siyasətin mürəkkəb dünyasında Türkiyənin strateji istiqamətini müəyyən edən şəxs kimi ön plana çıxdı. Ünsiyyətdə olan hər kəs onun bacarıqlarını təsdiqləyir”, - müəllif qeyd edib.
“Forbes” iddia edib ki, Ərdoğanın Fidana üstünlük verməsi onun xarici siyasətdə daha çox kəşfiyyata ehtiyacı olduğunu göstərir.
Hakan Fidan dönəmində MİT-in böyüməsinə də diqqət çəkilib:
“Fidanın rəhbərliyi altında və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə MİT kəşfiyyat toplama və təhlil, eləcə də əməliyyat imkanlarını artıraraq dörd dəfədən çox böyüyüb”.
Məqalədən diqqətçəkən digər məqamlar belədir:
“Keçmiş kəşfiyyat rəhbəri Fidan Yaxın Şərqdən Avropaya, Afrikadan Rusiyaya qədər müxtəlif coğrafiyalarda öz izlərini qoyub, məlumat toplayıb, nüfuzunu genişləndirib. Xarici İşlər Nazirliyinə yüksəlişi əvvəlki çətinliklərə baxmayaraq, Türkiyənin xarici siyasətində mühüm dönüş nöqtəsidir.
İndi xarici işlər naziri vəzifəsində sübut edilmiş təcrübəsi Rusiya-Ukrayna münaqişəsindən tutmuş ABŞ və Çin arasında davam edən problemlərə qədər xarici siyasətin bütün aspektlərinə təsirləri ilə tam şəkildə gündəmə gələ bilər.
Fidanın xarici işlər naziri vəzifəsində uğur qazanması onun Türkiyənin maraqları ilə qonşuları və müttəfiqlərinin maraqları arasında balans yaratmaq bacarığından asılı olacaq. Həm də ölkənin mürəkkəb daxili siyasətini idarə etməli olacaq. Fidanın rəhbərliyi altında Türkiyədə kəşfiyyat və siyasətin birləşməsi ölkənin inkişaf edən xarici siyasətində dostlar və düşmənlər üçün potensial olaraq çətin yeni səhifə açır”.