9 İyun 2023 12:02
2 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün terror qanununu dəyişdirərək təsdiqləyən İsveç bu çərçivədə ilk dəfə deportasiya qərarı qəbul edib. İsveç Ali Məhkəməsi ötən günlərdə 35 yaşlı Məhmət Kokulunun Türkiyəyə ekstradisiyasına razılıq verib.

Teleqraf.com xəbər verir ki, Türkiyəyə ekstradisiya edilən Kokulunun PKK terror təşkilatı ilə əlaqəsinə görə yox, narkotik qaçaqmalçılığına görə mühakimə olunduğu üzə çıxıb.

“Yeni Şafak” qəzeti Kokulunun məhkəmədəki ifadəsini əldə edib.

Türkiyədə narkotikə görə həbs olunduğunu, yaxşı davranışına görə şərti azadlığa buraxıldığını və səyahət qadağası qoyulduğunu bildirən Kokulu 5 illik cəzasını çəkdikdən sonra ölkəni qanuni yolla tərk etdiyini deyib.

2018-ci ildə İsveçə gəldiyini deyən müttəhim o vaxtdan iş icazəsi ilə burada yaşadığını söyləyib. Narkotik ticarətinə görə mühakimə olunan Kokulu məhkəmədəki müdafiəsini İsveçin deportasiya qərarını geri götürməsi üçün dəyişdirib.

Özünü “HDP-PKK-çı” adlandıran Kokulu kürd olduğunu və kürdlərin mübarizəsi üçün çalışdığını iddia edib. Müttəhim ekstradisiya edilməmək üçün daha da irəli gedərək “FETÖ üzvü” olduğunu deyib.

Kokulunun bu iddiasına baxmayaraq İsveç Ali Məhkəməsi qərarı ləğv etməyib. Həmin şəxsin Türkiyəyə ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı yekun qərarı İsveç hökuməti verəcək.

İsveç dövlət mediası bundan əvvəl “ilk dəfə bir PKK-çının Türkiyəyə təhvil veriləcəyi” xəbərini yaymışdı.


Müəllif: Mənsur Rəğbətoğlu