Türkiyə Xarici İşlər Nazirliyi Liviyada olan vətəndaşlarını bu ölkəni sürətlə tərk etməyə çağırıb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, nazirliyin açıqlamasında məcburi olmadıqda Liviyaya səyahət etməmələri tövsiyə edilir.
“Son həftələr Liviyada baş verən qarşıdurmalar və hava hücumları nəticəsində qeyri-sabit vəziyyət yaranıb. Hələ də Liviyada qalan vətəndaşlarımıza ölkəni sürətlə tərk etmələri bir daha tövsiyə olunur”, - Türkiyə Xarici İşlər Nazirliyi açıqlamasında deyilir.
Qeyd edək ki, Liviyanın Tobruk şəhərindəki Nümayəndələr Məclisindən başqa, Trablusda Milli Ümumi Konqres (MTŞ) fəaliyyət göstərir. Hər iki qurum özünü Liviyanın qanuni nümayəndəsi hesab edir. Ölkədə son vaxtlar bu qurumların dəstəklədiyi silahlı qruplar arasında şiddətli toqquşmalar baş verir.
Tobruk şəhərindəki Nümayəndələr Məclisinin başçısı Akile Salih isə bir neçə gün əvvəl Liviyadakı strateji təşkilatların qorunması və terrorçu qruplara mane olunması üçün rəsmi olaraq Ərəb Birliyindən müdaxiləni tələb edib. O, Ərəb Birliyi və bütün beynəlxalq cəmiyyətdən Liviyanın “yeganə qanuni nümayəndəsi" olaraq Tobrukdakı Nümayəndələr Məclisinin qəbul edilməsini istəyib.