Dünən dünyanın gözləri bir anda Rusiyaya yönəldi. “Vaqner” qrupu Rusiyada hərbi çevrilişə başladığını və Moskvaya hücumun başladığını elan etmişdi. Rostov şəhərinin qiyamçılar tərəfindən ələ keçirilməsindən və bundan dərhal Moskvada antiterror əməliyyatı rejiminin tətbiqi Rusiyada təşvişi pik həddə qaldırdı.
Teleqraf.com xəbər verir ki, qiyamın başlamasından saatlar sonra ekrana çıxan Rusiya Prezidenti Putin b aş verənləri “xəyanət” adlandırdı.
Rusiya liderinin çıxışından bir neçə saat sonra Belarus lideri Aleksandr Lukaşenko danışıqlar apardığı “Vaqner” lideri Yevgeni Priqojinin geri çəkildiyini açıqladı. Dünən axşam saatlarında Kremldən verilən açıqlamada Priqojina qarşı cinayət işinin bağlandığı və onun Belarusa gedəcəyi bildirildi.
Türkiyə mediası Rusiyadakı gərginlikdən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın 4 il əvvəl “Vaqner” təhlükəsi ilə bağlı dünyanı xəbərdar etməsini yada salıb.
Türkiyə lideri illər əvvəl “Vaqner”in Liviya, Suriya və Afrikadakı münaqişə bölgələrində varlığını tənqid edərək dünya ictimaiyyətini bu qruplaşma haqda məlumatlandırmışdı.
Ərdoğan 2019-cu ildə “Vaqner”in Liviyada olmasından narazılığını bildirib, Türkiyə dəfələrlə Rusiya tərəfinə bununla bağlı xəbərdarlıq edib.
Ərdoğan 2020-ci ilin fevralında Pakistan səfərindən qayıdarkən jurnalistlərə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Baş Qərargah rəisi Valeri Gerasimovun “Vaqner”lə yaxın münasibəti barədə belə demişdi:
“Haftarın (liviyalı qiyamçı general) tərəfində təxminən 2500 rus “vaqnerçi” var. “Vaqner”in Rusiya müdafiə naziri Şoyqu və başqaları ilə görüşünün fotosu var. Öndəki Haftardır. Dairədə olan (Yevgeni Priqojin) cənab Putinlə səmimi əlaqələri olan adamdır. Bu adam “Vaqner”in rəhbəridir, idarə edən də odur. Bir də orada Rusiya müdafiə naziri Şoyqu var. Düz onun yanındakı Rusiya Baş Qərargah rəisi Gerasimovu görürsünüz. Onlar hazırda Rusiyanın ən yüksək hərbi postlardakı heyətidir. Hazırda orada “Vaqner”i də onlar idarə edirlər, onunla işləyirlər.
Hələ də durub deyirlər ki, bizim onlarla heç bir əlaqəmiz yoxdur. Hazırda orada bu müharibəni ən yüksək səviyyədə Rusiyanın özü aparır. Sudandan da 5000-ə yaxın döyüşçü var. Çaddan olanlar var. Təxminən xaricdən gələn 10 mindən çox hərbçi var”.
Eyni zamanda, Türkiyə prezidenti Rusiya səfərindən qayıdarkən “Vaqner”lə bağlı bunları söyləmişdi:
“Liviya ilə bağlı ABŞ-la danışıqlar aparırıq. Rusiya ilə də Liviya ilə əlaqədar danışıqlarımız var. Bu gün biz Rusiyadan “Vaqner”lə bağlı müsbət mesajlar almışıq. Ümid edirik ki, bunlar həyata keçəcək.
Onlar Liviyada “Vaqner” adlı təşkilat vasitəsilə Haftarın yanında muzdlular kimi çalışırlar. Pullarını kimin verdiyi məlumdur. Belə bir durum var və bütün bunların qarşısında bizim seyirçi qalmağımız düzgün deyil.
Liviyada olan 5 mini Sudandan, 2 mini Rusiyadan olanlar “Vaqner” adıyla hansı sifətlə ora daxil olublar?”.