Rusiya ordusu son sutka ərzində Ukrayna Müdafiə Qüvvələrini geri çəkilməyə məcbur etməyə çalışsa da, aldığı cavab ağır olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Avdiv, Baxmut, Marin və Liman bölgələrində şiddətli döyüşlər davam edir. Gün ərzində bu ərazilərdə 40 toqquşma qeydə alınıb.
Ruslar Kupyan istiqamətində Novoselivski şəhərinin cənubunda irəliləməyə cəhd göstərsələr də, Ukrayna ordusu bütün hücumların qarşısını alıb.
Rusiya aviasiyanın dəstəyi ilə Ukraynanın Novovodyanı və Dibrovadakı qoşunlarını çıxarmağa cəhd göstərsə də, bu səyləri nəticəsiz qalıb. Ağır itki verən ruslar hücumu dayandırıblar.
Rusiya Baxmut istiqamətində Boqdanivka və Orihovo-Vasilivka yaxınlığında hücuma keçib. Amma bütün hücumları Ukrayna qoşunları tərəfindən dəf edilib.
Rusiya qüvvələrinin Avdiv və Marin istiqamətlərindəki bütün hücumları da dayandırılıb.
Bundan başqa, Ukraynanın hərbi aviasiyası gün ərzində Rusiyanın şəxsi heyətinin və texnikasının cəmləşdiyi ərazilərə 13 zərbə endirib. Nəticədə rusların 3 zenit-raket kompleksi və idarəetmə məntəqələri məhv edilib.
Öz növbəsində, gün ərzində raket qoşunlarının və artilleriya bölmələri Rusiyanın canlı qüvvəsinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi əraziyə, 4 döyüş sursatı anbarına, atəş mövqelərində olan 18 artilleriya qurğusuna, 3 zenit texnikasına və 2 radioelektron stansiyasına zərbələr endirib.