“Böyük Britaniya müdafiə naziri Ben Uollesin Ukraynanın göstərilən yardıma görə minnətdar olmaması ilə bağlı bəyanatı təəssüf doğuran anlaşılmazlıqdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Düşünürəm ki, bu, Britaniya naziri tərəfindən uğursuz bir anlaşılmazlıqdır. Əslində, Britaniya baş nazirinin özü də nazirini təkzib edərək, Ukraynanın müxtəlif formatlarda mütəmadi olaraq səsləndirilən minnətdarlığını yüksək qiymətləndirdiyini açıq şəkildə bildirib. Heç kimin bizi nankorluqda ittiham etməyə əsası yoxdur”, - nazir bildirib.
Kuleba əlavə edib:
“Amma həqiqət budur ki, bağışlayın, biz müharibə vəziyyətindəyik. Həmkarlar, nazirlər və xarici jurnalistlər tez-tez məndən soruşurlar ki, kifayət qədər silah verilibmi? Cavabımda deyirəm ki. qələbəyə gedən yolumuz uzandıqca, silahlar bəs etməyəcək. Qalib gələndə deyəcəm ki, sağ olun, silahlar bəs etdi. Amma mübarizə davam edərkən, silah bəs etmir”.
Bundan əvvəl Britaniyanın müdafiə naziri Ukrayna hakimiyyətini göstərilən yardıma görə Qərbə minnətdarlıq etməyə çağırıb. Ukrayna Prezidenti Vladimir Zelenskinin NATO ilə bağlı sərt bəyanatını şərh edən Uolles deyib ki, Britaniya Amazon deyil.
Ukrayna lideri bundan təəccüblənib, o, ölkəsinin yardıma görə tərəfdaşlarına həmişə minnətdar olduğunu vurğulayıb.