7 Avqust 2023 11:06
13 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerdə ​​hakimiyyəti ələ keçirmiş xuntaya verdiyi vaxt başa çatıb. ECOWAS-ın müdaxilə etmək üçün vaxta ehtiyacı olduğu və xuntaya əlavə bir həftə vaxt verəcəyi bildirilib.

Teleqraf.com xəbər verir ki, “Vətəni Müdafiə Milli Şurası” (CNSP) xunta rejiminin sözçüsü polkovnik Amadu Abdraman ECOWAS-ın hərbi müdaxiləsi durumuna qarşı Nigerin hava məkanının növbəti bildirişə qədər bağlandığını açıqlayıb.

Polkovnik hər hansı bir pozuntuya dərhal və qəti cavab veriləcəyini deyib: “Xarici bir ölkə ECOWAS-la əməkdaşlıq edərək ölkəmizə hücum etməyə hazırlaşır”.

ECOWAS-ın hərbi müdaxilə hazırlıqları çərçivəsində 2 Mərkəzi Afrika ölkəsində hərbi qüvvə yerləşdirdiyini vurğulayan Abdramane bu prosesdə iştirak edən hər bir ölkənin “işbirlikçi” kimi qəbul ediləcəyini söyləyib.

Polkovnik nigerli gəncləri ölkələrini müdafiə etməyə çağırıb.

ECOWAS tərəfindən iyulun 30-da Prezident Məhəmməd Bazumun azad edilməsi və vəzifəsinə qaytarılması üçün hərbi xuntaya verilən 7 günlük müddət başa çatıb. Birlik bu müddət ərzində tələblərinin yerinə yetirilməməsi halında hərbi müdaxilə də daxil olmaqla, bütün variantları nəzərdən keçirəcəklərini açıqlamışdı.

Hərbi müdaxilə ehtimalı Qərbi Afrikadakı digər xunta hökumətlərinin reaksiyasına səbəb olub. Burkina Faso və Mali müdaxiləyə qarşı çıxarkən, Qvineya Nigerdə hakimiyyəti ələ keçirmiş xuntaya dəstək verib.

Seneqal, Fildişi Sahili, Benin və Nigeriya isə üzv olduqları ECOWAS-ın hərbi müdaxiləsini dəstəkləyəcəklərini açıqlayıblar.

Əlcəzair, Liviya, Çad və Mavritaniya kimi regionda ECOWAS-a daxil olmayan ölkələr də, hərbi müdaxiləni dəstəkləmədiklərini bildiriblər.

Hərbi xuntaya verilən vaxt bitsə də, ECOWAS hələlik hərbi əməliyyatlara başlamayıb. ABŞ-ın “Wall Street Journal” nəşri ECOWAS-ın hərbi əməliyyatlar üçün daha çox vaxta ehtiyacı olduğunu yazıb. Nəşr bu prosesdə ECOWAS-ın Nigerə iqtisadi sanksiyalar vasitəsilə təzyiq göstərməyə davam edəcəyini də vurğulayıb.

Hərbi müdaxilə ilə bağlı hələlik rəsmi açıqlama verməyən ECOWAS-ın xuntaya verdiyi müddəti bir həftə daha uzadacağı təxmin edilir.

Nigeriya artıq bütün ehtimallara qarşı Nigerlə bütün sərhədlərini bağlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər