Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev 15 il əvvəl ölkəsinin Gürcüstan ərazilərinə hərbi müdaxiləsindən danışıb.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi o zaman Gürcüstan prezidenti olan Mixail Saakaşvilini “dəli” adlandırıb.
Medvedev iddia edib ki, 15 il əvvəl baş verən qarşıdurma zamanı Rusiya ordusu “nasistlər”ə qarşı döyüşüb.
“Düz 15 il əvvəl Rusiya Sxinvaliyə edilən rəzil hücuma qətiyyətlə, işğalçıya sərt cavab verdi. Dəli Saakaşvilinin arxasında o zaman da Rusiya sərhədlərinin bilavasitə yaxınlığında vəziyyəti pozmağa çalışan kollektiv Qərb dayanırdı. Silahlı qüvvələrimiz beş gün ərzində nasistləri tez və sərt şəkildə cəzalandırdı. Abxaziya və Cənubi Osetiyada yaşayan xalqımız düşməndən qorundu. Yeni dövlətlərə Rusiyanın dəstəyi ilə inkişaf etmək imkanı verildi”, - Rusiya rəsmisi bildirib.
Medvedev o vaxt ABŞ-ın Rusiya ilə üz-üzə gəlmək üçün kifayət qədər təcrübəsinin olmadığını vurğulayıb.
“2008-ci ilin avqustunda olduğu kimi, düşmənlərimiz darmadağın ediləcək, Rusiya öz şərtləri ilə sülhə nail olacaq. Qələbə bizim olacaq”, - siyasətçi vurğulayıb.