16 Avqust 2023 13:34
2 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi böyük və kiçik dövlətləri seçim qarşısında qoyub. Əsas sual budur: sən kiminləsən və hansı dəyərləri bölüşürsən? Rusiyanın yanında olmaq Ukrayna torpaqlarının işğalına və təcavüzə haqq qazandırmaqdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, Rusiyanın işğalçı müharibəsini yalnız Şimali Koreya və ya Suriya kimi dövlətlər dəstəkləyə bilər, qalanları isə münasibətləri pozmamaq üçün sadəcə Kremllə dialoqu davam etdirirlər:

“Hindistan Kremllə dialoqu davam etdirən ölkələrdəndir. Ancaq Dehli son illərdə Qərblə daha çox yaxınlaşıb. Bunu Hindistan Baş naziri Narendra Modinin son səfərləri də sübut edir. Modi iyunda ABŞ və Fransaya səfərlər edib, bu iki ölkə ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığın genişləndirilməsi yollarından danışıb. Modi baş nazir olduğu 2014-cü ildən bu yana Parisə 7 dəfə səfər edib. Fransa Rusiyadan sonra Hindistanın ikinci ən böyük silah və hərbi texnika tədarükçüsüdür. Hindistan ilbəil Rusiyadan aldığı hərbi texnikanın sayını və çeşidini azaldır.

Modi ABŞ-da da yüksək səviyyədə qəbul olundu. ABŞ Prezidenti Co Bayden texnolgoiya və müdafiə sahələrində ölkəsinin Hindistanla əməkdaşlığını genişləndirəcəyini açıqlayıb. Vaşinqton Çini dayandırmağın yollarından birinin Hindistanla sıx əməkdaşlıqdan keçdiyini görür. Digər tərəfdən, Vaşinqton Dehlinin Pekinlə texnologiyalar sahəsində dərin əməkdaşlığının əleyhinədir.

Vaşinqton Hindistanın iqtisadi potensialını yüksək qiymətləndirərək, gələcəkdə bu ölkənin Çinə alternativ ola biləcəyi qənaətindədir. Bunu indidən söyləmək çətindir. Doğrudur, Hindistan iqtisadiyyatı dinamik inkişaf edir, ancaq Çinə alternativ olmaq üçün uzun yol qət edilməlidir. Hindistanın Çinə alternativ olması üçün Dehlinin qonşu ölkələrin iqtisadiyyatlarına yatırımlarını artırması da lazımdır”.

Təhlildə vurğulanır ki, Dehlinin ərəb və Afrika ölkələrinə də marağı artıb:

“Modi iyunda Misirə də səfər edərək, bu ölkənin Prezidenti Sisi ilə görüşmüşdü. Dehli Misirin BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) mümkün üzvlüyünü dəstəkləyir.

Modi 2024-cü il parlament seçkilərində mövqeyini daha da gücləndirmək üçün Hindistanın bölgədə hərbi gücünü artırmağa qərar verib. O, məhz bu məqsədlə Qərb ölkələri ilə hərbi sahədə əlaqələrini gücləndirməyə çalışır. Ancaq Modi balans siyasətindən də imtina etməyib. Məsələn, NATO-nun son Vilnüs sammitinə Asiya ölkələrindən Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Avstraliya baş nazirləri dəvətli idilər. Modi bu toplantıda iştirak etməmişdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər