24 Avqust 2023 12:07
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tver vilayətində qəzaya uğrayan “Vaqner” lideri Yevgeni Priqojinin təyyarəsində ölənlərin kimlikləri barədə təfərrüatlar məlum olub.

Teleqraf.com xəbər verir ki, ölənlərdən ikisi “Putinin aşpazı”nın ən yaxın adamlarıdır.

Ölənlərdən biri Valeri Çekalov 2000-ci illərdən bəri “Konkord” şirkətində Priqojinə ən yaxın menecerlərdən biri olub. Priqojin Moskvada qida sektoruna nəzarəti ələ keçirəndə bu işdə ona yardım edənlərdən biri Çekalov idi. Bundan əlavə, o, “Konkord”un Rusiya ordusu üçün ərzaq tədarükü ilə bağlı müqavilələrinə cavabdeh olub. Fəaliyyət sahəsindən asılı olmayaraq, Priqojinin xaricdəki bütün “mülki layihələr”inə nəzarət edib. Xüsusən də Suriya və Afrikada.

Dmitri Utkin “Vaqner”də Priqojinin “sağ əl”i kimi tanınıb. Muzdlulara o komandanlıq edib, döyüş hazırlığı ilə məşğul olub.

Ermənistan vətəndaşı Yevgeni Makaryan muzdlular arasında “Makar” ləqəbi ilə tanınıb. Polis leytenantı idi. Cüdo və sambo kimi döyüş sənətləri ilə məşğul olub. “Vaqner”ə 2016-cı ilin martında qoşulub. 2017-ci ilin yanvarında Suriyada (Xşam) ABŞ təyyarəsi tərəfindən atəşə tutulan 4-cü hücum dəstəsinin üzvü olub, sol omba nahiyəsindən yaralanıb.

Sergey Propustin (“Kedr”) “Vaqner”ə qoşulmazdan əvvəl Çeçenistan-Rusiya müharibəsində iştirak edib. 2015-ci ilin martından “Vaqner”in üzvü idi. Priqojinin şəxsi mühafizəçilərindən biriydi.

Aleksandr Totmin haqda məlumat məhduddur. “Tot” ləqəbli şəxsin yalnız “Vaqner” üzvü olduğu məlumdur.

Nikolay Matusevin adı isə “Vaqner”in siyahısında yoxdur. Amma “vaqnerçilər”in sırasında 2017-ci ilin yanvarında qruplaşmaya qoşulan Nikolay Matuseviç adlı şəxs var. Suriyada 4-cü hücum dəstəsində atıcı kimi xidmət edib. Onun bu şəxs olduğu ehtimal olunur.


Müəllif: Mənsur Rəğbətoğlu