24 Avqust 2023 12:51
10 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 23-də “Vaqner” lideri Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Təyyarədəki on nəfərin hamısı həyatını itirib. Yəni sağ qalan olmayıb.

Teleqraf.com xəbər verir ki, xilasedicilər təyyarənin qəzaya uğradığı yerdə on nəfərin qalıqlarını, o cümlədən “Putinin aşpazı” ləqəbli Priqojinin cəsədini tapıblar.

“Vaqner” liderinin tərcümeyi-halı qaranlıq məqamlarla zəngindir.

Priqojin də Rusiya lideri Vladimir Putin kimi 1961-ci ildə Leninqradda, indiki Sankt-Peterburqda doğulub. Priqojin əvvəlcə ögey atası və məşqçisi kimi idmançı olmaq istəsə də, tale onun haqda başqa qərar verir. Artıq 18 yaşında oğurluqdan ilk cəzasını alsa da, icrası təxirə salınır. Eyni zamanda, “Jako” ləqəbini alan Priqojin o günlərdə yerli cinayətkar qrupun rəhbəri idi. “Jako”nun dəstəsi mənzilləri qarət edirdi. Bir dəfə Priqojin bir qadını soymaq istəyərkən tutulmuşdu. Oğurluq, soyğunçuluq, dələduzluq və yetkinlik yaşına çatmayan şəxsi cinayət fəaliyyətinə cəlb etməkdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilir.

Priqojin 19 yaşını həbsxanada qarşılayır. O, sol əlinin üzük barmağının falanksını itirdiyi koloniyada cəza çəkmişdi. Gələcəkdə əsl Priqojin dublyorlarından bu əlamətlə seçiləcəkdi.

Cəzasını tam çəkmir, 1990-cı ildə azad edilir. Priqojinin həyatının bu dövrü haqda heç bir gerçək sübut yoxdur. Özü hot-doq satdığını, digərləri isə Peterburqda avtomobil bazarının yaxınlığında dolaşdığını iddia edirdilər. Həmin iddiaya görə, burada qəzadan sonra təmir edilmiş avtomobilləri satırdı.

Bir neçə il sonra Priqojinə böyük biznesə başlamasına sinif yoldaşı Boris Spektor kömək edir. Beləliklə, 1995-ci ilin sonunda Priqojin Peterburqda şöhrəti sürətlə yüksələn restoran açır. Restoran şəhərin elit təbəqəsi tərəfindən bəyənilir, hətta Peterburqun o zamankı meri Anatoli Sobçak və müavini Vladimir Putin xanımları ilə birlikdə ora baş çəkirlər. Priqojin Putinlə ilk dəfə məhz bu restoranda görüşür.

Priqojinin karyerasında dönüş nöqtəsi başqa bir layihəsi olur - 1997-ci ildə açdığı “üzən restoran”ı. Putin məhz burada prezident olarkən dünya, o cümlədən ABŞ və Fransa liderləri Corc Buş və Jak Şirakla görüşlər keçirib, doğum gününü qeyd edib.

Putin Priqojinin “yoxdan uğurlu biznes” qurduğuna görə onu yüksək qiymətləndirmişdi. Priqojinin ona daha da yaxınlaşmağa Putinin işlər üzrə köməkçisi yardım edib.

Priqojin o günlərdə dövlət ziyafətləri üçün “yağlı sifarişlər” alırdı. Beləcə məşhur “Putinin aşpazı” ləqəbinə yiyələndi.

Eyni zamanda, Priqojin cinayətdən də çəkinməyib. Nədənsə Rusiyanın hüquq mühafizə orqanları onun törətdiyi cinayətləri ümumiyyətlə araşdırmayıb və ya mümkün qədər formal şəkildə aparıblar. İşçilərinin insanları döymələri, adam öldürmə və ya sağlamlığa ciddi ziyan vurma kimi onlarla hadisə məlumdur. Priqojin bunlardan heç birinə görə məsuliyyəti üzərinə götürməyib.

Priqojin ölkə rəhbərliyinin ziyafətlərində şəxsən çalışıb. Həmişə Putin haqda nümayişkaranə ehtiramla danışıb.

Priqojinin uzun müddət qarın xərçəngindən müalicə aldığı da iddia olunur. Xəstə olduğu üçün ciddi pəhriz saxlayıb, sağlam həyat tərzi sürüb. Onkoloji xəstə kimi koronavirus infeksiyasından çox qorxub, hətta bağ evindəki otaqlardan birini xəstəxana palatasına çevirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər