30 Avqust 2023 12:07
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mixail Saakaşvilinin Gürcüstanda prezident olduğu illərdə ABŞ və Avropa Birliyi ilə strateji münasibətlər qurulmuşdu. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı təcavüzü Qərbin Tbilisiyə dəstəyini artırdı. ABŞ prezidentləri içərisində ilk dəfə Corc Buşun Gürcüstana səfəri Vaşinqtonun Tbilisyə dəstəyini tərənnüm etdirirdi. Bunlar keçmişdə qaldı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzi bildirib.

Mərkəzin ekspertləri deyirlər ki, Bidzina İvanişvili və tərəfdarları hakimiyyətə yiyələndikdən sonra Tbilisi fərqli siyasət yürütməyə başlayıb:

“Gürcüstanın hazırkı hakimiyyəti Rusiya ilə diplomatik münasibətləri bərpa etməsə də, bu ölkə ilə iqtisadi-ticari əlaqələrini genişləndirməkdə davam edir. Bu, Vaşinqton və Brüsseldə suallar yaradıb. Gürcüstan hakimiyyətinin ağır xəstə olan Mixail Saakaşvilini azadlığa buraxmaması Qərb ölkələrinin Tbilisi ilə münasibətlərində əlavə gərginlik yaradıb.

Qərbin Tbilisinin siyasətindən narazı qaldığı daha bir mövzu var: Gürcüstan-Çin strateji tərəfdaşlığı. Gürcüstan hakimiyyəti bir tərəfdən NATO və Avropa Birliyi üzvlüyünə namizədliyini bəyan edib, digər yandan Çini rəsmən strateji tərəfdaşı elan edib. Bu ikisinin bir arada olması çətindir. Gürcüstan Baş naziri İrakli Qaribaşvili iyulda Çinə səfər etmişdi. Pekində tərəflər arasında strateji tərəfdaşlıq sazişi imzalamışdı”.

Təhlildə vurğulanır ki, Gürcüstan hökuməti Çin şirkətləri üçün yeni imkanlar yaradacaq:

“Buna qədər də Çin Gürcüstanın üçüncü ticarət tərəfdaşı idi. Baş nazir İrakli Qaribaşvili Çinin Gürcüstan üçün 1 nömrəli tərəfdaşa çevriləcəyinə əminliyini söyləyib. Bu mümkündür. Çinin Gürcüstanda yatırımlarının miqyası ilbəil artır. Bundan başqa, Çin Gürcüstanın Qara dəniz limanlarında paya malikdir.

Çin Gürcüstan üzərindən Qara dənizə çıxış imkanı əldə edib. Pekin bununla kifayətlənmək istəmir. İki ölkə arasında imzalanan yeni sənəddə tərəflərin beynəlxalq problemlərin həllində koordinasiyasının gücləndirilməsi, ikitərəfli, dövlətlərarası münasibətləri dərinləşdirməsi, bölgədə, eləcə də bütün dünyada sülhü, sabitliyi və inkişafı birgə təşviq edəcəkləri nəzərdə tutulub.

Beləliklə, Çin Mərkəzi Asiyadan sonra Cənubi Qafqazda da möhkəmlənməyə çalışır. Pekin Cənubi Qafqazda Gürcüstanı özü üçün əsas hədəf seçib. Çünki Çin Gürcüstan vasitəsilə Qara və Aralıq dənizlərinə çıxış imkanı əldə edir. Digər tərəfdən, Pekin Gürcüstanı öz tərəfinə çəkməklə Qərbin Cənubi Qafqazda möhkəmlənməsinə əngəllər yaratmağa çalışır ki, bu, taktiki baxımdan Rusiyanın da maraqlarına cavab verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər