“Bu ay Hindistanda keçiriləcək “G-20” Zirvə toplantısındakı bəyanatda Rusiyanın da fikirləri öz əksini tapmalıdır. Əks halda, “G-20”də bütün üzvlər adından ümumi bəyanat olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Diplomatik İnstitutunda keçirilən tədbirdə deyib.
O, çıxışında ölkəsinin Qazaxıstan və Özbəkistanla birgə enerji layihələri üzərində işlədiyini bildirib: “Rusiya, Qazaxıstan və Özbəkistan liderləri arasında Qazaxıstanın infrastrukturundan istifadə edərək Özbəkistana təbii qazın çatdırılması ilə bağlı təmaslar olub. Bununla bağlı texniki işlər vaxt aparacaq, lakin bu, çox reallaşdırıla bilən layihədir”.
Nazir Çinə təbii qaz nəqli üçün Rusiyanın özünə aid infrastruktura malik olduğuna da diqqət çəkib: “Bu, heç kimə problem yaratmayacaq. Çinin təbii qaza çox ehtiyacı var. Heç kim - nə Qazaxıstan, nə də Türkmənistan oyundan kənarda qalmayacaq”.
Lavrov Türkiyə ilə Suriya arasında normallaşma prosesinə də toxunub: “Biz qeyri-rəsmi təmaslarımızda 1998-ci ildə Adana müqaviləsi imzalandığı fəlsəfəyə qayıtmağı təklif etmişdik. Sözügedən razılaşma Türkiyəyə Suriyadakı terror təhdidinə qarşı müdaxilə haqqı verir. Bu müqavilə hələ də qüvvədədir, heç kim onu ləğv etməyib. Türkiyə ilə Suriyanın normallaşmasına əngəl törədən ABŞ-dır. Türklərin təhlükəsizliyinə təhdid kimi qələmə verdikləri radikal kürd təşkilatlarının separatizmini qətiyyətlə alovlandıran da ABŞ-dır. Ona görə də bu proseslər bir-birinə bağlıdır”.