Gürcüstanın ən böyük müxalifət partiyası Vahid Milli Hərəkat Prezident Salome Zarabişvilinin impiçmenti ilə bağlı parlamentdə keçiriləcək səsvermədə iştirak etməyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, eks-prezident Mixail Saakaşvilinin qurucusu olduğu partiya impiçment prosesini “diqqəti əsas məsələlərdən yayındırmaq cəhdi” adlandırıb.
Bundan əvvəl hakim “Gürcü Arzusu” Partiyası Zurabişvilinin impiçmenti üçün toplanmış imzaları Konstitusiya Məhkəməsinə təqdim edib. Təklif hakim partiyanın sədri İrakli Kobaxidze, eləcə də buna səlahiyyəti olan 4 deputatdan gəlib.
Son vaxtlar hakimiyyətlə prezident arasında ziddiyyətlər daha da dərinləşib. Bunlar, əsasən, hökumətin Rusiya ilə bağlı mövqeyi, habelə prezidentin xarici səfərləri ilə əlaqəlidir. Hökumətin fikrincə, bu səfərlər hakimiyyətin qanuni icazəsi olmadan həyata keçirilir.