28 Sentyabr 2023 21:59
2 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron yeni muxtariyyət statusunun verilməsini müzakirə etmək üçün getdiyi Korsika adasında görüşlər keçirib.

Teleqraf.com xəbər verir ki, Korsika parlamentində çıxış edən Makron Fransa Konstitusiyasında “Korsikaya xas muxtariyyət” verilməsi prosesində tərəfləri birlikdə işləməyə çağırıb.

Makron razılaşdırılacaq mətnin Fransada radikal millətçilərin “qırmızı xətt” kimi gördüyü Korsika dilinə rəsmi statusun verilməsi və ada xalqı ilə torpaqları arasındakı bağın tanınması tələblərinin yer almamasını istəyib.

“Europe 1” radiosuna danışan bir ada sakini Makronun muxtariyyət məsələsini qeyri-müəyyən qoyduğunu deyib: “Həmişə olduğu kimi, nə demək istədiyi məlum deyil”.

Sosial şəbəkələrdə bəzi istifadəçilər Makronun muxtariyyət təklifinin ada əhalisinin tələblərinə uyğun gəlmədiyini yazıblar.

Korsika parlamentində 63 yerdən 46-na sahib olan millətçilər Korsika xalqının qanuni olaraq tanınmasını, Korsika dilinin rəsmi statusunu və Korsika xalqı ilə torpaqları arasında bağlılıq statusunun tanınmasını tələb edirlər.

Sağçı azlıq müxalifət isə təhsil və səhiyyənin muxtar idarəetmə sisteminin Korsikaya xas şəkildə Fransa qanunlarına uyğunlaşdırılmasını istəyir.

Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan simalardan İvan Kolonna martın 2-də Fransanın Arles şəhərindəki həbsxanada bir məhkumun hücumuna məruz qalaraq, həyatını itirib. Bundan sonra həmkarlar ittifaqlarının çağırışı ilə Korsikada Kolonnaya dəstək nümayişləri keçirilib. Fransa polisi və hərbçilərinin zorakılığı nəticəsində çoxlu sayda etirazçı saxlanılıb. Günlərlə davam edən nümayişlərdə bir çox iş yeri və avtomobil yandırılıb.

Kolonnanın ailəsi səhlənkarlıq iddiası ilə Fransa dövlətini məhkəməyə verib.

Kolonnanın ölümü Korsikada Fransadan müstəqillik tələblərini gücləndirib.

Napoleon Bonapartın doğulduğu Korsika adası dili və mədəniyyəti ilə Fransadan fərqlənir, coğrafi baxımdan İtaliyaya daha yaxındır. Fransa adanı XVIII əsrdə işğal edib.

Fransanın 18 vilayətindən biri sayılan 350 min əhalisi olan adanın muxtar statusu 2018-ci ildən etibarən məhdudlaşdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər