16 Oktyabr 2023 22:26
6 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyada yeni nizam yaranır, qaydalar dəyişir. İkinci Dünya müharibəsindən sonra BMT-nin qəbul etdiyi qaydalar toplusu və nizamnamə “soyuq müharibə”yə uyğun formalaşmışdı, bunlar Təhlükəsizlik Şurasının beş daimi üzvünün maraqları konteksində qəbul olunmuşdu”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, BMT müasir dövrdə yeni çağırışlara cavab vermir:

“SSRİ-nin dağılması, Avropada yeni dövlətlərin yaranması, bəzi ölkələrin regional gücə çevrilməsi yeni siyasi nizam yaratdı. 2001-ci ildə Nyu-Yorkda (ABŞ) baş verən 11 sentyabr olayı yeni nizamın formalaşması istiqamətdə gedən prosesi sürətləndirdi. Dünya bölgə-bölgə, ölkə-ölkə dəyişsə də, BMT-nin strukturu dəyişmədi, qaydalar olduğu kimi qaldı.

Dünya nizamı Rusiyanın Ukraynaya hücumu ilə dəyişdi. Azərbaycanın öz suverenliyini tam bərpa etməsi, Türkiyənin artan beynəlxalq rolu, türk dövlətlərinin inkişafı və birlik istiqamətində fəaliyyəti, Britaniyanın Avropa İttifaqından çıxması bu prosesin tərkib hissəsidir. Yenə də BMT və Avropa mərkəzli bəzi təşkilatlar bir neçə ölkənin siyasi maraqları çərçivəsində fəaliyyət göstərir.

Yeni beynəlxalq münasibətlər sistemində Türkiyə və Hindistanın kimi güclər qabağa çıxır. Bu ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaları qaçılmazdır. BMT Təhlükəsizlik Şurasında təkcə böyük dövlətlər yox, regional güclərin də təmsil olunmaq hüququ var. Məsələn, İsrail, Azərbaycan, İndoneziya kimi ölkələrin. Türkiyə Prezidenti Ərdoğan hələ illər əvvəl “dünya beşdən böyükdür” mesajını vermişdi. Gedişat Ərdoğanın nə qədər haqlı olduğunu göstərdi.

Türkiyə liderinin də dediyi kimi, BMT yenilənməli, yeni düzənə və müasir siyasi sistemə cavab verməlidir. Təəssüf ki, BMT-nin qəbul etdiyi qərar və qətnamələr kağız üzərində qalır, böyük güclər yalnız bundan öz maraqları konteksində istifadə edirlər. BMT-nin işlək quruma çevrilməsi üçün Təhlükəsizlik Şurasında qüvvələr balansı təmin olunmalıdır. Bu baxımdan, bu qurum üçün ən uğurlu seçim Türkiyə olardı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər