Rusiya Prezidenti Vladimir Putin İsraillə HƏMAS arasında müharibədən qazanc əldə etməyə çalışır. Kreml “sülhməramlı” kimi nüfuz qazanmaq və Rusiyanın Yaxın Şərqdə təsirini artırmaq üçün atəşkəsə nail olmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bunu Britaniya ordusunun istefada olan polkovniki Riçard Kemp deyib.
“Dünyada, xüsusən də Ukraynada böyük qanların tökülməsindən cavabdeh olan adam indi “Axan qanı dayandırmağın vaxtıdır” deyir”, - general bildirib.
Onun fikrincə, Putinin savaşa müdaxiləsi heç nəyi dəyişməyəcək, çünki Ukraynaya qarşı müharibə Rusiyanın güclü dövlət reputasiyasına ciddi zərbə vurub. Kemp qeyd edib ki, Rusiya qoşunları 18 aylıq müharibədən sonra çox çətin vəziyyətlə üzləşib.
Kempin sözlərinə görə, Yaxın Şərq ölkələri hazırda Rusiyanı “zəifləyən güc” hesab edirlər.
“Bəli, Putin artıq Suriyada mövqelərini itirir. Oradakı qüvvələrinin bir hissəsini Ukraynaya göndərməli olub”, - general vurğulayıb.
Kemp İsrailin HƏMAS-a qarşı müharibəsinin Kremlə qısamüddətli fayda verə biləcəyini iddia edir:
“Putinin səylərinə baxmayaraq, Qərb İsrailin ətrafında toplaşır və bunun fonunda Rusiya kənarda qalmış kimi görünür. Əgər bu böhranı Ukraynada müharibədə qalib gəlmək üçün bir vasitə kimi görürlərsə, bu, mümkün olmayan arzudur”.