Macarıstan Baş naziri Viktor Orban qeyri-adi siyasətçidir. Avropada bəziləri onu “diktator” adlandırsalar da, Orban demokratik seçkilərdə qazandığı qəbələrlə hakimiyyətinin ömrünü uzatmağa müvəffəq olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri qeyd edirlər ki, Macarıstan Avropa İttifaqnın üzvü olsa da, Orban bir sıra hallarda Brüssellə toqquşan siyasət yürüdür, açıqlamalar verir:
“Məsələn, Macarıstan lideri Rusiya-Ukrayna müharibəsinin dayandırılması və danışıqlara başlanılmasının tərəfdarıdır. Zaman-zaman Ukraynanın siyasətini tənqid edir, Avropanın bu ölkəyə dəstəyinin azaldılması tərəfdarı kimi çıxış edir. Eyni zamanda, Orban Avropada Rusiya Prezidenti Vladimir Putinlə görüşən yeganə liderdir. Avropa İttifaqına üzv olan dövlətlərin digər liderləri Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra Kreml sahibi ilə görüşmür və onu ölkələrinə dəvət etmirlər.
Orban Avropa İttifaqının Rusiya əleyhinə siyasəti ilə hesablaşmır. O, sonuncu dəfə Putinlə Çində oktyabrın 17-də görüşüb. Orban Çində keçirilən “Bir Kəmər, Bir Yol” Forumunda iştirak edib. Putinin özü də onun haqda müsbət fikirdədir. Çünki Putin Orbandan başqa heç bir Qərb liderinin onunla görüşməməsini nəzərə alır”.
Təhlildə vurğulanır ki, Macarıstan baş nazirinin Çinə münasibəti də müsbətdir:
“Orban hesab edir ki, Çin potensialına görə 30 il ərzində ABŞ-a çatıb və onu ötür. Macar lider Çinin hamıdan güclü olduğunu iddia edir. Halbuki bu iddia ilə razılaşmayanlar az deyil. Bir qrup ekspert hesab edir ki, Çinin iqtisadi artımı yavaşlayıb və iqtisadi islahatların tempi azalıb. Bu o deməkdir ki, yaxın gələcəkdə Çinin gəlirləri azalacaq. Ancaq bu Orbanı az narahat edir, praqmatik siyasətçidir. Onun müxtəlif ölkələrlə formalaşdırdığı münasibətlər Macarıstan istisadiyyatının potensialının artmasına xidmət edir.
Ancaq məsələ budur ki, Budapeşt eyni zamanda Brüsseldə qəbul edilən ortaq qərarlardan kənara çıxa bilmir. Məsələn, Avropa İttifaqının Rusiya və Çinlə ticarətdə məhdudiyyətləri varsa, Macarıstan istəsə belə, bu iki ölkə ilə böyük layihələr reallaşdırmaqda çətinlik çəkəcək.
Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda qatılması da Orbanın praqmatik maraqlara xidmət edir. Orban Azərbaycan və Mərkəzi Asiya ölkələrindən neft-qazın nəqlində maraqlıdır.
Macarıstan lideri Türk Dövlətləri Təşkilatının Astanadakı son toplantısına iki gün əvvəl gəlmişdi. Məqsədi enerji resursları ilə bol olan Qazaxıstanla ortaq layihələrin müzakirəsi idi”.