Husilərin “Ənsarallah” qruplaşması (Yəmən) Qırmızı dənizdə ABŞ gəmilərinə hücum zamanı 10 yaraqlısının öldürüldüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İran tərəfindən dəstəklənən qruplaşmanın sözçüsü Yəhya Səri məlumat verib.
“ABŞ qüvvələri Qırmızı dənizdə Yəmən dəniz qüvvələrinə (husilərə bağlı) məxsus üç katerə hücum edib. Hücum nəticəsində 10 ekipaj üzvü ölüb və ya itkin düşüb”, - Səri deyib.
“Ənsarallah” sözçüsü baş verənlərə görə ABŞ-nin məsuliyyət daşıdığını söyləyib.
Dünən husilərin İsrail limanına üzən “Maersk Hangzhou” adlı ticarət gəmisini raketlərlə hədəfə aldıqları açıqlanıb. Bundan sonra ABŞ-nin “USS Laboon” və “USS Gravely” hərbi gəmilərinin bölgəyə gələrək, Yəməndə husilərin nəzarətində olan ərazidən atılan iki ballistik raketi vurduğu bildirilib. Bundan başqa, ticarət gəmilərini hədəfə alan 4 husi kateri batırılıb.
ABŞ Müdafiə Nazirliyi dekabrın 6-da İran tərəfindən dəstəklənən husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarına qarşı beynəlxalq koalisiya yaratdığını açıqlamışdı.