ABŞ və Böyük Britaniyanın Yəmənə hava hücumlarına baxmayaraq, Qırmızı dənizdəki hücumlarımız davam edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Yəmənin “Ənsarallah” qruplaşmasından (Husilər) verilən açıqlamada deyilir.
İran tərəfindən dəstəklənən qruplaşma ABŞ və Britaniyanın hava hücumlarının heç bir əsasının olmadığını bildirir. Açıqlamada buna baxmayaraq, İsrailə üzən gəmiləri hədəf almağa davam edəcəkləri də vurğulanır.
ABŞ və Britaniya qüvvələri husilərin Qırmızı dənizdəki gəmilərə hücumlarına cavab olaraq, qruplaşmanın Yəməndəki hərbi hədəflərinə havadan və dənizdən zərbələr endirməyə başlayıb. Əməliyyat Avstraliya, Bəhreyn, Kanada və Hollandiya tərəfindən dəstəklənir. Hücumda Yəmənin Səna, Hudeydə, Səada və Dhamara şəhərləri hədəfə alınıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi baş verənlərlə bağlı ABŞ və Britaniyanı təmkinli olmağa və eskalasiyadan qaçmağa çağırıb. Rəsmi Ər-Riyad gəlişmələri yaxından izlədiyini bildirib.
“Krallıq Qırmızı dəniz regionunun təhlükəsizliyinin və sabitliyinin qorunmasının vacibliyini vurğulayır, çünki bu regionda naviqasiya azadlığı beynəlxalq tələbdir”, - nazirlik əlavə edib.