16 Yanvar 09:59
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya daxili işlər naziri Ceyms Kleverli Terrorla Mübarizə Aktı əsasında “Hizbut-Təhrir” təşkilatını qadağan edən sərəncam layihəsini parlamentə təqdim edib.

Teleqraf.com xəbər verir ki, sərəncam parlamentdə təsdiqlənsə, yanvarın 19-dan qüvvəyə minəcək.

Bu o deməkdir ki, bu təşkilata mənsub olmaq, onu dəstəkləməyə çağırmaq, üzv olmaq və ya ona dəstək olmaqda şübhə doğuran materialların nümayişi cinayət məsuliyyəti hesab olunacaq. Qadağa ilə bağlı bəzi qanun pozuntuları 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, bu da məhkəmə tərəfindən cərimə ilə yanaşı təyin oluna bilər.

Kleverlinin sözlərinə görə, “Hizbut-Təhrir” HƏMAS-ın İsrailə hücumunu dəstəkləmək də daxil olmaqla, terrorizmi fəal şəkildə təbliğ edən və təşviq edən antisemit təşkilatdır.

1953-cü ildə qurulan “Hizbut-Təhrir”in uzunmüddətli məqsədi İslam qanunları ilə idarə olunan xilafət qurmaq olan beynəlxalq dini-siyasi qrupdur. Təşkilatın baş ofisi Livanda olsa da, Britaniya, ABŞ, Kanada və Avstraliya da daxil olmaqla ən azı 32 ölkədə fəaliyyət göstərir.

Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra “Hizbut-Təhrir” Fələstin hərəkatına dəstək verib.

Britaniyanın təhlükəsizlik naziri Tom Tugendatın iddiasına görə, “Hizbut-Təhrir” açıq şəkildə terroru təşviq və təbliğ edir.

Almaniya, Misir, Banqladeş, Pakistan, bəzi Orta Asiya və Ərəb ölkələri də daxil olmaqla bir neçə dövlət “Hizbut-Təhrir”i qadağan edib. Avstriyada təşkilatın simvolları qadağan olunub.

Sərəncam bu həftə parlamentdə müzakirə olunacaq və təsdiqlənərsə, “Hizbut-Təhrir” Britaniyada fəaliyyəti qadağan edilən 80-ci təşkilat olacaq.

Britaniya bundan əvvəl Rusiyanın “Vaqner” silahlı qruplaşmasını terror təşkilatları siyahısına daxil edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər