ABŞ-Türkiyə münasibətləri müsbət dövrə qədəm qoyarkən, Ankaraya F-35 təyyarələrinin verilməsi yenidən gündəmə gəlib. ABŞ Dövlət Departamenti bunun S-400 probleminin həllinə bağlı olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti yazır.
Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi ilə Ankara-Vaşinqton əlaqələrinin yaxşılaşdırılması və irəliləyişinə yönəlmiş yeni proses başlayıb. Bununla belə, hələ də həllini gözləyən problemlər var. Bunlardan biri də Türkiyənin CAATSA sanksiya proqramı çərçivəsində F-35 proqramından çıxarılmasıdır. Son günlər bu məsələ ilə bağlı verilən açıqlamalar diqqət çəkərkən, bunun rəsmi danışıqlar masasına gəlib-gəlməyəcəyi müzakirə olunur.
Dövlət katibinin müavini Viktoriya Nuland son açıqlamasında demişdi ki, ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olardı: “Ancaq ilk növbədə S-400 məsələsini həll etməliyik”.
Nulanddan sonra ABŞ-dən məsələ ilə bağlı açıqlama verən digər şəxs Ağ Evin Con Kirbi oldu. Ağ Ev rəsmisi bildirdi ki, bu mövzuda müzakirələr davam edir: Türkiyə bu mövzuda narahatlıqlarımızı aradan qaldıra bilsə, F-35 proqramındakı iştirakı bərpa edilə bilər”.
Türkiyə Müdafiə Nazirliyi də məsələnin müzakirə edildiyini vurğulayıb:
“Hazırda hər iki ölkənin mövqeyində dəyişiklik yoxdur. Bu mərhələdə ABŞ-nin verdiyi bəyanatlar xoş niyyət kimi qiymətləndirilməlidir. Bununla bağlı hər hansı dəyişiklik və ya inkişaf olarsa, məlumat verəcəyik”.
“Hürriyət”ə danışan keçmiş səfir Həsən Göyüş də ABŞ rəsmilərinin açıqlamalarının xoş niyyət bəyanatı olduğu fikri ilə razılaşaraq, bundan sonra danışıqlar prosesinin başlaması lazım olduğuna diqqət çəkib:
“ABŞ Türkiyəyə F-35 satmaq istəyir, ən azı pul qazanacaqlar. Amma bu, danışıqlar, alış-veriş prosesidir. ABŞ və Türkiyə qarşılıqlı danışıqlara getməlidir. İsveç məsələsi bu mənada yaxşı bir kozır idi. Bundan sonra nə baş verdiyini masa arxasında əyləşəndə görəcəyik. Hesab edirəm ki, bu niyyət bəyanatını verən ABŞ-nin planı var. S-400 ətrafında bir yol tapıla bilər”.
Siyasi analitik Gülru Gəzərin fikrincə, ABŞ Türkiyə ilə münasibətlərində irəliləyiş istəyirsə, Ankaranın antiterror əməliyyatlarına dəstək verməlidir. Eyni zamanda onun sözlərinə görə, S-400-lərlə bağlı Türkiyənin hansı addımı atacağı bəlli deyil.
Diplomatik mənbələr xarici işlər naziri Hakan Fidanla Nuland arasında görüşün müsbət atmosferdə keçdiyini deyirlər. Görüşdə regional məsələlər, o cümlədən ABŞ-nin İordaniyadakı bazasına hücum, Qəzzada son durum, Türkiyə-ABŞ münasibətləri, xüsusilə enerji sahəsində əməkdaşlıq müzakirə edilib. Mənbələr görüşdən sonra F-35 üçün qapının aralandığını bildirirlər.