Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili Nasist Almaniyası ilə müqayisə edib.
Teleqraf.com xəbər verir ki, ölkə lideri İsrailin Qəzzada “nasistlər kimi bəşəri cinayətlər törətdiyini” deyib.
“İsrailin işğalçı qüvvələri bütün dünyanın gözü önündə əksəriyyəti uşaq və qadın olmaqla 28 min fələstinli qardaş və bacımızı vəhşicəsinə şəhid edib. İsrailin birbaşa mülki əhalini hədəfə aldığı bombardmanları nəticəsində 67 mindən çox günahsız fələstinli yaralanıb. İbadət yerləri, məktəblər, xəstəxanalar və mülki infrastrukturla bağlı hər şey İsrailin nasistləri xatırladan hücumlarının hədəfi olub”, - Ərdoğan bildirib.
Türkiyənin bu hücumlar qarşısında fələstinlilərlə tam həmrəy olduğunu söyləyən Prezident Ərdoğan humanitar yardımı davam etdirdiklərini açıqlayıb:
“İsrailin bəşəriyyətə qarşı törətdiyi cinayətlər və müharibənin beynəlxalq aləmdə diqqətdən kənarda qalmaması üçün çox çalışırıq. Diplomatik təmaslarımızı davam etdiririk ki, İslam ölkələri Qəzzada İsrail zülmünə birgə reaksiya verə və hərəkət edə bilsinlər. Fələstində işğalçılıq siyasəti və qırğınlar bitənə və 1967-ci il sərhədləri əsasında paytaxtı Qüds olan, müstəqil, suveren və ərazi bütövlüyü təmin edilmiş Fələstin dövləti qurulana qədər mübarizəmizi davam etdirəcəyik”.