Türkiyə prezidentinin Somalinin paytaxtı Moqadişuya səfəri güclü təhlükəsizlik tədbirləri şəraitində gerçəkləşdirilib. Rəcəp Tayyib Ərdoğanın səfərinin məqsədi bir neçə mühüm sosial layihənin həyata keçirilməsi olub.
Türkiyə Somaliyə yatırım edən əsas ölkələrdən biridir. Teleqraf.com-un məlumatına görə, Ərdoğanı hava limanında Somali prezidenti Həsən Şeyx Məhəmməd və digər yüksək səlahiyyətli rəsmilər qarşılayıb. Türkiyənin dövlət başçısı Somalidə nailiyyətlə həyata keçirilən layihələri alqışlayıb. Həsən Şeyx Məhəmməd isə Türkiyəyə Somaliyə qoyduğu investisiyalara görə təşəkkürünü bildirib.
Xatırladaq ki, cümə axşamı günü Somoliyə səfər edən Türkiyə nümayəndə heyətinin qaldığı mehmanxanaya qarşı kamikadze hücumu həyata keçirilib. Türklər arasında xəsarət alan olmayıb. Bu hadisədən sonra Ərdoğanın səfərinin təxirə salınacağı gözlənilirdi.
Lakin Ərdoğan Somaliyə səfər etmək qərarından dönməyib. Türkiyə mediasının məlumatına görə, Prezidentin səfəri artıq başa çatıb. O, yerli vaxtla saat 22:45-də xüsusi təyyarə ilə Ankaraya dönüb.