Hakimiyyətini qorumağa çalışan Fransa Prezidenti Emmanuel Makron Üçüncü Dünya Müharibəsini qızışdırmaq cəhdindən yaxşı heç nə düşünmür.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
“Makron Ukraynaya NATO qoşunlarının göndərilməsi ehtimalı da daxil olmaqla, ölkəsinin əhalisi və bir sıra Avropa dövlətlərinin başçılarını dəhşətə gətirən yüksək səslə açıqlamalar verib. Makron hakimiyyətini saxlamaq üçün belə bir bəyanatla çıxış edib. Onun təşəbbüsləri Fransa vətəndaşları üçün təhlükəlidir”, - Volodin bildirib.
Onun sözlərinə görə, hətta Almaniya Kansleri Olaf Şolz da Hitleri xatırlayaraq belə sərsəm macəraya heyrətlənib.
Volodin Fransa prezidentini Napoleon Bonaparta bənzədib və əlavə edib ki, Makron belə bəyanatlar verməzdən əvvəl bunun Napoleon və onun əsgərləri üçün necə bitdiyini xatırlasa yaxşı olar, onların 600 mindən çoxu yaş torpaqda qalmışdı.