Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri banklarının ABŞ-nin ikinci dərəcəli sanksiyalarından ehtiyatlanmaları səbəbindən Rusiya şirkətlərinin xam neft və yanacaq ödənişlərində bir neçə aylıq gecikmələrlə üzləşməsi Kremli ciddi narahat etməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə bildirilir ki, ödənişlə bağlı gecikmələr aylardır uzanır:
“Bu, Rusiyanın valyuta ehtiyatının tükənməsinə səbəb ola bilər. Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədəki bir sıra banklar ABŞ-nin sanksiyalarından ehtiyat edirlər. Banklar Rusiyaya pul köçürmək istəyən müştəriləri diqqətlə yoxlayır, onların ABŞ-nin sanksiya siyahılarında olub-olmadığını araşdırırlar.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov problemi etiraf edib. Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı pul köçürmələriylə bağlı Çinə təzyiqi artıb. Maraqlıdır ki, Çin Rusiya ilə strateji tərəfdaşlığını gücləndirməsinə baxmayaraq, Pekin bu ölkəyə pul köçürmələrində Vaşinqton və Brüsselin qərarlarıyla hesablaşır.
Rusiya başqa problemlə də üzləşib, bununla yanaşı, neft satışında da problemlərlə qarşılaşıb. Hindistan Rusiyadan neft alışını xeyli azaldıb. Dehli neft emalı zavodlarının qərarlarına qarışmır. Hindistanın neft emalı zavodları neftin hansı ölkələrdən alınması məsələsində sərbəstdir. Görünür, Hindistanın neft emalı zavodları da Qərbin Rusiyaya qarşı sanksiyaları ilə hesablaşır”.
Mərkəzin ekspertləri qeyd edirlər ki, Rusiya öz neftini ucuz satmağa çalışsa da, Hindistan ərəb ölkələrindən neft alışının həcmini artırıb:
“Beləliklə, Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi Rusiya iqtisadiyyatına ciddi problemlər yaradıb. Qərb ölkələri Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladıqdan sonra Kreml Asiya bazarlarına üz tutdu. Asiya ölkələri Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmasalar da, Vaşinqton və Brüsselin sərt qərarlarıyla hesablaşmaq məcburiyyətində qalıblar. Çünki Çin və Hindistan Rusiyadan yanacaq və xammal məhsulları alsalar da, bu iki dövlətin əsas iqtisadi tərəfdaşları Qərbdədir”.