Ukrayna Krımda Rusiya hərbi obyektlərini, xüsusilə də S-400 sistemlərini məhv etmək üçün ATACMS raketlərindən fəal şəkildə istifadə edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” yazır.
Ukrayna ordusu mayın ortalarında Rusiyanın Sevastopol (Krım) yaxınlığındakı Belbek bazasına ABŞ istehsalı olan 10 raketdən ibarət güclü yaylım atəşi açıb. Zərbə ruslara xeyli ziyan vurub. Peykdən çəkilmiş fotokadrlar S-400 zenit batareyasının radarı və iki buraxılış qurğusunun məhv edildiyini təsdiqləyib. Həmçinin yaxınlıqdakı hərbi aerodromdakı 4 hərbi təyyarənin zədələndiyi bildirilir.
Ruslar məhv edilmiş S-400 komponentlərini tez bir zamanda dəyişdiriblər, amma bir müddət sonra Ukrayna yenidən Belbekdə S-400 batareyası və S-300 sistemini vurub. Zərbənin ATACMS-la endirildiyi açıqlanıb. Zərbə zamanı ən azı 10 ATACMS raketindən istifadə edilib və Rusiyanın hava hücumundan müdafiə sistemi heç birinin qarşısını ala bilməyib.
Ruslar artıq 2 S-400 komanda məntəqəsini, 4 radar və 16 buraxılış qurğusunu itirib.
Nəşr onu da istisna etmir ki, Ukraynanın raket reydləri 4-5 S-400 batareyasının hissələrini sıradan çıxarıb. Mənbə yazır ki, son zərbələr S-400-lərin o qədər də effektli olmadığını üzə çıxarıb.
“Rusiya Hərbi Hava Qüvvələrində 50-dən çox S-400 batareyası var. Amma bu batareyalar Ukraynanın raket zərbələrinə tab gətirə bilmirsə, Rusiya Ukraynada nə qədər çox S-400 yerləşdirsə, o qədər çox itirəcək”, - ABŞ nəşri vurğulayır.